Boş yerə deyilməyib ki, nəyisə əldə etmək üçün nələrisə qurban verməlisən.
Məsələn, "Qarabağ" kimi...
Klub bu mövsüm tarixinin ən uğurlu nəticələrini əldə etdi.
Həm də Azərbaycan futbol tarixinin.
İkinci dəfə Çempionlar Liqasında iştirak edən "atlılar" heç kəsin gözləmədiyi halda liqa mərhələsini ilk 24-lükdə tamamladı.
Səfərdə Portuqaliya nəhəngi "Benfika" üzərində möhtəşəm geridönüşlə yadda qaldı.
Son dünya çempionu "Çelsi" ilə Bakıdakı bərabərlik İngiltərə təmsilçilərindən alınan ilk xal kimi tarixə düşdü.
Evdə "Ayntraxt" üzərindəki geridönüşlə əldə olunan qələbə Almaniya klubları üzərində ilk qələbəmiz kimi yaddaşlara həkk olundu.
Ağdam təmsilçisi böyük qələbələr, böyük nəticələrlə bərabər, həm də böyük pullar qazandı.
Bir Azərbaycan klubu bütün Avropanın diqqət mərkəzində oldu.
Qısası, dünyanın ən nüfuzlu klub turniri "Qarabağ"a çox şey qazandırdı.
Amma aldıqları da az olmadı.
Karyeralarının pik nöqtəsinə çatan futbolçulara gələn əla təkliflər bir-birini əvəzlədi.
Böyük pulların sədası Marko Yankoviç başda olmaqla bir çoxunun başını gicəlləndirdi.
Futbol ikinci plana düşdü.
4 mövsümdən sonra çempionluğun əldən çıxması an məsələsidir.
Titulun getməsi dünyanın sonu deyil.
Lakin yeni mövsümə ÇL-də başlaya bilməmək ciddi maliyyə itkisi deməkdir.
Artan nüfuza vurulan zərbədir.
"Qarabağ" bənzər situasiyanı 2020/21 mövsümündə çempionluğu "Qarabağ"a verməklə yaşamışdı.
Qurban Qurbanovun komandası həmin yay Avropada ən yaxşı nəticəsini qazanmaqla ağır sınaqdan uğurla çıxmağı bacarmışdı.
Yəni təcrübə var.
Qalır yayda onu düzgün qiymətləndirmək.
XANOĞLAN / SPORTİNFO.AZ

