Bircə mövsüm tez bitsəydi…
Bu fikir «Qarabağ»da yeni cücərməyib, yeni boy atmayıb.
Yanvardan bəridir.
Çempionlar Liqasında pley-off mərhələsinə adlamaq başına bəla oldu «Qarabağ»ın.
«Mənə filan klubdan əla təklif gəlib, bu barədə nə düşünürsüz» sualı ilə baş məşqçisinə müraciət edən futbolçu(lar)dan nə gözləyə, nə istəyə bilərsiz ki?!
Heç nə.
Qurban Qurbanov dünən bu fakta toxundu bir daha. Az şala bütün oyunçularına təkliflərin gəldiyini söylədi. Yerli-legioner fərqi qoymadan.
Ağlı o təkliflərin yanında qalan, burada qazandığından da böyük pulları röyasında görən, gecənin bir çağı yuxusunu qarışdıran, yerindən dik atılan futbolçu(lar) «Qarabağ»ı daha çempionluğa apara bilməz.
«Qarabağ» dünən çempionluq marafonundan bir qədər də uzaqlaşdı Şamaxıda. İstəksiz oynadılar. Son dəqiqələr istisna olmaqla, «Şamaxı»dan geri qaldılar döyüş ruhunda. Qurbanov ikinci hissədə etdiyi əvəzləmələrlə heç-heçədən qaçmağa ümid bəslədi, yenə alınmadı. Joni Montieldən savayı, bir nəfər özünü oda-közə vurmadı.
Bu yay «Qarabağ»dan gedən olmayacaq, gedənlər olacaq. Ehtimal ki, klub tarixinin ən böyük köçünü yola salacaq. Qurbanov 10-a yaxın futbolçunu düşərgədən göndərəcək, ən axı.
MUSA

