«Qarabağ» yalnız xal baxımından «Sabah»dan geri qalmır.
Qol sayında da arada bir fərq mövcuddur.
Bu fərqi «əritmək» mənasında «Karvan»la qarşılaşma fürsət idi və açığını demək lazımdır ki, «Qarabağ» bu imkanı yaxşı dəyərləndirdi.
Hər haldacari mövsümdə ilk dəfə 7:0-lıq qələbə qazandılar və güman ki, ardını gətirəcəklər.
Kamillo Duranın het-trik etdiyi matçda daha çox qol vurula bilərdi.
İkinci dəqiqədən etibarən «Karvan»ın qapısı ağzında təhlükəli epizodları sıralayan «Qarabağ» istəmədi, istəsəydi, 10 qola, hətta ondan da artığına da imza atardı.
Görünür, debütanta yazıqları gəldi, hesabı daha biabırçı həddə çatdırmadılar.
Leandro Andrade yavaş-yavaş formayadüşür. Dubl etdi və göstərdiyi fəallıqla Qurban Qurbanova müsbət siqnal verdi.
Kadi Borges isə tam tərsi, qaçırdığı inanlımaz qol fürsətləri ilə baş məşqçisinin qayğısını bir qədər də artırdı.
Bir müddət zədələrlə «müharibə» aparmış braziliyilı hələ də köhnə günlərindən çox uzaqdır: deyəsən, gecələr rahat yatmır, yaxşı dincəlmir. Ayaqları heç cür «sözünə baxmır».
Özü də görür və başa düşür. Amma deməyə nə desin - susqun baxışları, lal-dinməz vicud halı onun yerinə danışır.
ELXAN

