25 yaş peşəkar futbolçu üçün ən əla dövrdür.
Gənclik yerini daha kamil oyunçuya verir.
Artıq daha böyük düşünən, daha böyük oynayan oyunçuya çevrilirsən.
Təəssüf ki, ulduzu erkən sönənlər, məhz bu yaşda yoxa çıxanlar da futbolumuzda az deyil.
Toral Bayramovun idman formasındakı eniş sanki onu buna doğru aparır. 2024-cü ilin ən yaxşı azərbaycanlı futbolçusu seçilən Bayramov indi özünə heç bənzəmir.
Mövsümün birinci yarısına kimi Cəfərquliyevin əvəzləyicisi kimi baxılırdı.
Ötən mövsümə qədər hətta bəzən onu əsas heyətdən sıxışdırıb çıxara da bilirdi.
Amma bu gün ehtiyat skamiyanın daimi sakininə çevrilib.
UEFA Çempionlar Liqasının əsas mərhələsindəki 8 matçda vur-tut 128 dəqiqə meydanda ola bildi. "Kopenhagen"lə görüşdə aldığı sarı vərəqədən başqa heç nə ilə yadda qalmayan Toralın ən yaxşı halda 29 dəqiqə meydanda olması əbəs deyil.
Premyer Liqada qışa qədər nisbətən normal göstəricilər əldə edib.
Vurduğu 7 qoldan 4-ü penaltidən olmaqla 5-nin "Araz-Naxçıvan"ın qapısına olsa da.
2026-cı il onun üçün daha acınacaqlı keçir.
Meydana çıxdığı 8 matçda üst-üstə 170 dəqiqə lazım olub.
Nə qol vura bilib, nə də məhsuldar ötürməsi var.
Gedişat yaxşı gələcəkdən xəbər vermir.
Müdafiəçi mütləq karyerasındakı enişə diqqət etməli, özünü toparlamalıdır.
Onsuz da normal yerli oyunçu barmaq sayı qədərdir.
Onun da birini belə erkən itirmək olmaz.
XANOĞLAN / SPORTİNFO.AZ

