Sportinfo.az “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranın müsahibəsini təqdim edir:
- Misli Premyer Liqasının 24-cü turunda səfərdə “Zirə”ni 3:1 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, “Zirə” ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizi çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və 3 xalımızı qazandıq. İndi artıq qarşıdakı matçlara köklənməliyik.
- Meydana çıxarkən artıq əsas rəqibiniz “Sabah”ın qələbə qazandığını bilirdiniz. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmırdı?
- Yox, biz hər oyuna 3 xal qazanmaq məqsədi ilə çıxırıq. Bu matç da istisna olmadı. Ümumi vəziyyətdən asılı olmayaraq hədəf qalib gəlmək idi. Buna da nail olduq.
- Növbəti turda ikinci dövrədə məğlub olduğunuz “Kəpəz”lə qarşılaşacaqsınız...
- Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfərə mütləq 3 xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik.
- Gələn ay “Sabah”la 3 oyun keçirəcəksiniz. Bu mənada apreldəki qarşılaşmaları həm çempionluq, həm də kubok baxımından “Qarabağ” üçün həlledici saymaq mümkündür?
- Məncə, hə, hardasa belə demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda “Sabah” üzərində qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməkliyi ilə elə də olacaq.
- Bu günlərdə Kolumbiya millisindən dəvət aldınız. Bu təklifi gözləyirdinizmi?
- Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti tam rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar.

