"Qarabağ" sürət yığarsa...

3 Dekabr 2022 23:00 Qarabağ 980
"Qarabağ" sürət yığarsa...

"Qarabağ" başqa səviyyədir. Oynadığı futbol da, göstərdiyi nəticələr də Premyer Liqamızın səviyyəsini çoxdan aşıb.

Bunu tək mən yox, futbol ictimaiyyətinin əksər nümayəndəsi davamlı olaraq dilə gətirir, səmimi etiraf edir. Ağdamlılar başqa sözə də yer qoymayıblar.

Komandanın rəqiblərinə qarşı meydandakı rahat mübarizəsi bu fikirlərin etiraf edilməsinə əsas səbəbdir.

Hə, elə olar ki, bu komanda "Zirə" ilə bərabərə qalar, "Sabah"la matçda xal itirər, "Səbail"i minimal hesabla məğlub edər. Yəni, bəzən "Qarabağ"ın da çətinliklə qazandığı xallar az olmayıb. Elə son iki turda "Sabah" və "Zirə" ilə görüşlərdə reallaşan bərabərliklər buna əyani sübutdur.

Bəlkə də qarşıdakı turlar bu komandalara uduzar da. Hətta ən yaxın rəqiblə arasındakı xal fərqi 3-ə də enər.

Amma bu faktların heç biri "Qarabağ" başqa səviyyədir" gerçəyini dəyişə bilməz.

"Qarabağ"ın başqa səviyyə olması isə sürət yığanda, ciddiyət yerində olanda, arxayınçılıq aradan gedəndə öz mənzərəsini çılpaqlığı ilə ortaya qoyur. Rəqiblər üçün kabusa çevrilir.

Məsələn, "Neftçi" ilə oyunda olduğu kimi. Ağdamlılar Azərbaycan derbisində, əzəli rəqib önündə və səfər meydanında sanki məşqə çıxmışdı.

Epizodlar ard-arda qaçır narahatlıq yoxdur, hücumlar bir-birini əvəzləyir tədbir görülmür, qollar yağış kimi yağır, amma üzülən görülmür. "Ağ qaralar"ın əcnəbi çalışdırıcıs Regekampf da başını itirmişdi. Çarəsiz olduğu açıq-aydın sezilirdi.

Onun timsalında digər rəqiblər də bu komandanın həqiqətinə bələddirlər. Onlar da bilir ki, indiki "Qarabağ" sürət yığarsa, çarə maksimum biabır olmamaq üçün final fitini gözləmək olacaq. Sonuncu Azərbaycan derbisində olduğu kimi.

Bu, sürətin yığıldığı halda derbidə, "Neftçi" kimi sanballı rəqib önündə yaşanan acı mənzərədir.

Görün, digər rəqiblərlə oyunda hələ nələr yaşanar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"