“Qarabağ“ın rəhbərliyində dəyişiklik olacaq, yoxsa..? – SON MƏLUMAT

28 Sentyabr 2022 13:00 Qarabağ 3 425
“Qarabağ“ın rəhbərliyində dəyişiklik olacaq, yoxsa..? – SON MƏLUMAT

Bugünlərdə “Qarabağ Futbol Klubu” MMC təsisçinin dəyişdiyini bəyan edib.

Klub bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.

Elanda deyilr ki, oktyabrın 13-də, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 94 ünvanında ("Azərsun Holdinq" MMC-yə məxsus ünvandır) “Qarabağ Futbol Klubu”nun iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda təsisçi dəyişikliyi ilə bağlı llubun nizamnaməsinə dəyişikliklərin edilməsi - nizamnaməsinin 6-cı redaksiyada təsdiq edilməsi, dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər müzakirə olunacaq.

Bununla belə, elanda klubun yeni təsisçisi barədə məlumat verilməyib.

“Qarabağ Futbol Klubu” kommersiya qurumu kimi 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,616 milyon manatdır.

Məlum olduğu kimi, təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Bu ilin iyulunda.

Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.

Qeyd olunan paylar açıq satışa çıxarılmaqla, 300 min manat qiymətinə təklif olunub. S.Nadirov həmin vaxt mətbuata verdiyi açıqlamada atdığı addım barədə bunları söyləyib:

“Atadan qalan mirasdır. Düşündüm ki, satsam, yaxşı olar. Özümün biznesim var və istəyirəm ki, onu bir qədər də genişləndirim.

Mənə çatan təsisçi payını satışa çıxardığım iki gün olmasına baxmayaraq, artıq maraqlananlar var. Ancaq mən bəlli qiymət qoymuşam və ondan aşağı satmaq fikrim də yoxdur.

Səhmin qiyməti hər gün arta bilər. Kim istəsə, ona da satacam. Müştərilər arasında “Azərsun” da ola bilər, fiziki şəxslər də.

İndi 300 min manata satdığım səhmlərin dəyəri sabah milyonlar ola bilər. Maşın deyil ki, qiyməti gündən-günə düşsün.

2000-ci ildə kim gözləyərdi ki, “Qalatasaray” UEFA kubokunu qazanacaq? Ancaq onlar bunu bacardılar və klubun səhmlərinin qiyməti bir gündə dəfələrlə bahalaşdı.

Qardaşım Kamil klubdakı səhmlərinə toxunmayıb. Onun iki övladı var və belə başa düşürəm ki, səhmləri onlara baba mirası kimi saxlamaq istəyir.

Qardaşım olsa da, onu məcbur edə bilmərəm ki, sən də eyni addımı at. Bizim ailədə demokratik mühit olub. Hər kəs qərar qəbul etməkdə müstəqildi.

Rəhmətlik atam da bizim işlərə çox müdaxilə etməzdi. “Qarabağ” rəhbərliyi sağ olsun. Vaxtında bizə çox dəstək olub.

Abdulbari Gözəl, Tahir Gözəl, Əmrah Çəlikəl və Qurban Qurbanovun əməyini dana bilmərik. Sadəcə, mən futboldan kənar biriyəm.

Çalışdığım sahə, reallaşdırmaq istədiyim fikirlər var. Biznesimi inkişaf etdirmək üçün müəyyən vəsaitə ehtiyac duyulur. Bu üzdən qanuni proseslərə uyğun miras götürdüm və rəsmiləşdirdim.

Ondan sonra isə satışa çıxardım. Kim alacaqsa, Allah xeyrini versin! İki gün ərzində xaricdən bir neçə zəng oldu. Açığı, çox adam inanmır ki, səhmləri satıram, bir qədər şübhə ilə yanaşırlar.

Onu da qeyd edim ki, əlaqə saxlayanlar xaricdə yaşayıb-işləyən azərbaycanlı menecerlərdi. Danışıqlarından belə başa düşdüm ki, xarici şirkətləri təmsil edirlər.

Bəlkə də 10 dəfə “siz Adil bəyin oğlusuz” sualını veriblər. Bu da məni bir qədər əsəbləşdirir. Özlərinə “kim almaq istəyirsə, biletini alıb Azərbaycana gəlsin.

BurAda hər iki tərəfin vəkillərinin iştirakı ilə sənədləri gözdən keçirək” demişəm. Bütün hüquqi prosesləri vəkil vasitəsiylə həyata keçirdiyimdən bilirəm ki, sənədləşmə işində heç bir xəta ola bilməz.

Son zəng Almaniyadan gəlmişdi. İnanıram ki, yaxın günlərdə real alıcı olacaq. Bütün nüanslar sənəddə qeyd olunub.

Orda faizdən başqa “təsisçinin səhmi” deyilən bir bənd var. Bu, nə deməkdir? Məsələn, “Coca-Cola”nı kim yaradıbsa, onun 7 nəsli həmin brendin yiyəsi sayılır.

“Qarabağ”ın da yaradıcısı kimi bütün beynəlxalq təşkilatlar Adil Nadirovu qəbul edib. UEFA-da da qeyd olunub ki, 1987-ci ildə “Şəfəq”in bazasında “Qarabağ”ı Adil Nadirov yaradıb.

Komanda ilk çempionluğu da 1993-cü ildə atamın rəhbərliyi altında qazanıb. Bu tarixi heç kim dana bilməz”.

Sportinfo.az son gəlişmələri və yenilikləri yaxından izləyir. Artıq bu yöndə bəzi informasiyalar əldə etmişik. Redaksiyamıza daxil olan informasiyaya görə, “Qarabağ“ hazırkı təsisçiləri ilə yoluna davam edəcək.

Onların sırasından nə qopan var, nə də yeni gələn. “Azərsun Holdinq“ burada yeganə söz sahibidir və Sənan Nadirovun səhm satmaq istəyi hüquqi cəhətdən təsdiqlənməyib.

Ona izah olunub ki, səhmi “Qarabağ“a aidiyyatı olmayan fiziki və hüquqi şəxslərə satmaq kimi haqqı yoxdur.

Cəmiyyətin ilk təsisçilərindən olan mərhum Adil Nadirovun oğlu ilə söhbətdə diqqətinə çatdırılıb ki, 300 min manatlıq satış istəyi tam bir xülyadır və əlindəki səhm payının real qiyməti 2-3 min manat civarındadır.

Digər Xəbərlər
Xəbər Lenti