“Qarabağ”la Budapeştə - Təyyarədən qeydlər

9 Avqust 2022 02:10 Qarabağ 864
“Qarabağ”la Budapeştə - Təyyarədən qeydlər

AZAL-ın “Airbus”u Bakıdan havaya qalxır və o dəqiqə də hava gəmimizdə bir sükut yaranır.

Təbii haldır.

Kimdəsə həyəcan, kimdəsə aviafobiya, kimdəsə sadəcə guya qaydalara riayət etmək görüntüsü. Və onda mən fikrə dalıram. “Qarabağ”la bəlkə də elə bu təyyarə ilə Lüksemburqa səfərimizi xatırlayıram.

2019-cu ilin sentyabrını. “Düdelanj”la Avroliqada səfər oyununu. Matçın gedişatında meydanın üzərində bir dron görünür. Drona bağlı isə terrorçu, separatçı yuvanın əski parçası. Sonradan öyrəndiyimizə görə, onu yaxınlıqdakı binalardan birindən ermənilər idarə edir. Qarabağ işğalları altındadı axı. Bir tərəfdən də “Qarabağ” komandasının, bu komandanın hər zaman sevgisini üzərində hiss etdiyi xalqın heysiyyatı ilə oynamağa çalışırlar. Təxribat yaradıb “Qarabağ”ı ruhdan salmağa cəhd edirlər. Bizim futbolçular dronu meydana düşməyə qoymurlar. Sonra da…

Sonra da bu namərd addıma kişiyə xas cavabı “Qarabağ” verir. Səbirlə, hay-küysüz, peşəkarlıqla. Vurduğu 4 qolla.

Və o oyundan bir il sonra isə həmin o drona bükülü “bayraqlar” artıq ayaqlar altında əzilə-əzilə layiq olduğu münasibətə çatır. Bizim, bizim cəngavər əsgərlərimizin ayaqları altında. O əsgərlər, o şəhidlər, o qazilər, şəhid, qazi olmayıb da qeyrətlə döyüşən o qardaşlarımız Qarabağımızın başı üzərində müqəddəs Vətən, Dövlət Bayrağımızı ucaldırlar.

İndi isə, daha doğrusu, artıq 2 ilə yaxındır bu təyyarədəki əsgərlərimiz - yəni futbol meydandakı əsgərlərimiz artıq qalib ölkənin, azad Qarabağın təmsilçisi kimi xaricdəki hər oyuna baş və qəddidik Vətən oğulları kimi yollanırlar…

Vətən oğulları. Meydanda, cəbhədə. 2 gün əvvəl azad Ağdamda növbəti səfərdə idim. Abdal-Gülablını gəzib oranın dadlı böyürtkənini yedim, dağlardan gələn buz kimi bulaq suyundan içdim, şəhərin mərkəzini - “Qarabağ”ın evi, yurdu “İmarət”i ziyarət etdim, sonra da əfsanəvi komandır Allahverdi Bağırovun məzarını. Təyyarədə mənimlə yanaşı oturan “Qarabağ” tarixinin ən çox qol vuran oyunçusu Müşfiq Hüseynova son səfərim barədə danışıram.

Ağdam barədə bir az dərdləşirik. Ta ki bizdən iki sıra öndə yer alan Qurban Qurbanovun yaxınlaşıb zarafatla atdığı bu replikaya qədər:

- Ağdamlılar bir oturublar?.. (gülür)

Deyir və gedir. Arxa cərgələrdə yer alan futbolçularını yoxlamağa. Onlar isə hoca qayıdandan (“Qarabağ”da Qurban Qurbanovu belə çağırırlar) sonra istirahət etməyə başlayırlar. Kimisə filmə baxır. Əksəriyyəti də yatıb.

Hoca dedim, çoxdandı məni maraqlandıran bu suala cavab axtarıram ki, ilk dəfə Qurban Qurbanova Türkiyə türkcəsindən gələn “hoca” (bizim türkcədə xoca) xitabını kim edib. Bir halda ki, yol gedirik, elə özündən soruşum. Sualım gözlənilməz olur:

- Bilmirəm ki. Yəqin rəhbərlik deyib…

“Qarabağ”ın direktoru, Türkiyə vətəndaşı Emrah Çelikeldən maraqlanıram. Bildirir ki, ola bilər “mən demişəm”. Əslində çox mühüm də deyil. Mühüm olan budur ki, kimin ilk dəfə deməsindən asılı olmayaraq, Qurban Qurbanov bu yüksək titulu halallıqla, əziyyət və ləyaqətlə qazanıb. O, futbolçusuna həm ata əvəzi olub, həm də Müəllim. Və sabah Müəllimin - Hocanın “Qarabağ”ı Budapeştdə “Ferentsvaroş”la qarşılaşacaq. Onda da Azərbaycanın ürəyi, “Qarabağ” və Qurban Qurbanovla olacaq.

İndi, bu dəqiqə təyyarədə Quran oxuyaraq etdiyin duaları Allah qəbul etsin, Qurban Qurbanov!

Aydın Bağırov,
Bakı-Budapeşt reysi

Digər Xəbərlər
Xəbər Lenti