"Qarabağ" "Neftçi" kimi səhvə yol verməyincə…

14 Aprel 2021 09:40 Qarabağ 736
"Qarabağ" "Neftçi" kimi səhvə yol verməyincə…

"Qarabağ" - "Sumqayıt": burada intriqa yaradan məqamlar çox idi.

Ötən turda sumqayıtlılar "Neftçi"ni səfərdə sərt cəzalandırmışdı və ağdamlılarla oyunda da necə performans göstərəcəkləri maraqla gözlənilirdi.

Bu turda da "Neftçi" Qəbələdə büdrəmişdi. Fasilədən sonra ilk turda "Qarabağ" "Keşlə" ilə son dəqiqə heç-heçəsi edərək, vahid liderliyi ələ alsa da, yaranan şansdan tam istifadə edə bilməmişdi.

Bu dəfə qarşılarında «ağ-qaralar» üzərində inamlı qələbə qazanmış "Sumqayıt" vardı.

Turun son qarşılaşmasında çempionluq yarışına hansı komandanın daha hazırlıqlı, daha yaxın olmasına da aydınlıq gələcəkdi. Qurban Qurbanov sərəncamındakıları görüşə ciddi hazırlamışdı.

Heyətdə önəmli dəyişiklər edilmişdi. Kapitan Maksim Medvedyev öz sevimli mövqeyinə qayıtmış, Xayme Romero ehtiyata göndərilmiş, gənc Toral Bayramov ilk dəqiqələrdən meydana çıxmışdı. Mərkəzdə İsmayıl, Andrade, Ozobiçə üstünlük verilmişdi.

"Qarabağ" ilk dəqiqələrdə oyuna öz ağırlığını qoymaqda çətinlik çəkdi. 15-20 dəqiqə ərzində "Sumqayıt"ın əks-həmlələri ciddi siqnal yaradırdı.

Ağdamlılar Medina, İsmayıl, Andrade, Maksimin sayəsində dayaq bölgəsi və müdafiədə tarazlığı tez yarada bildilər, yoxsa çətin anlar yaşayacaqdılar. "Qarabağ" mərkəzdə pressinq edib, sürəti artırdıqdan sonra rəqib tam olaraq müdafiəyə çəkilmək məcburiyyətində qaldı.

Top itkiləri olduğu anlarda da ağdamlılar dərhal sumqayıtlılara nəfəs almağa imkan verməyərək, qrup halında təzyiqlə dəri yuvarlağı geri qaytarırdılar.

"Qarabağ" cinahlardan çox mərkəzə, hücumda Ovusuya hava ötürmələrinə üstünlük verirdi. Zubir dayaq bölgəsinə meyllənmir, Toral cinahda oyunu öz üzərinə götürməyə çəkinirdi.

Maksim önə çıxmağa çox cəhd göstərməsə də, bir-iki epizodda reydləri uğurlu alındı. "Sumqayıt" müdafiədə «qala» qurmuşdu: ortadan Ozobiç, Andrade, İsmayıl, Zubirin cəhdləri «divar»a rast gəlirdi.

Ovusu "Qarabağ"ın bütün hücumlarını heçə endirirdi. Fasiləyə qolsuz qolsuz gediləcəyi düşünüldüyü halda, səhnəyə oyunun ən yaxşısı Zubir çıxdı.

Öz ənənəvi mövqeyinə aid olmayan bölgədən gözəl qola imza atdı. Ağdamlılar çox istəkli görünürdü. Hiss olunurdu ki, "Keşlə" qarşılaşmasından dərs çıxarıblar.

İkinci yarıda "Sumqayıt"ın nə edə biləcəyi maraq doğururdu. Fasilə bitər-bitməz avtoqol qeydə alındı. Onsuz da, heç nə ilə seçilməyən qonaqlar psixoloji cəhətdən sındı.

"Neftçi" ilə görüşdə Ayxan Abbasov taktiki olaraq Samir Abasovu oyundankənar vəziyyətə saldığı kimi, bu dəfə təcrübəli Qurban Qurbanov gənc həmkarını hərtərəfli «bağlamışdı».

Rəhim Sadıqov «ağ-qaralar»la oyundan fərqli, tərpənə bilmirdi. Həvəssiz deyildi, ona görə yox ki, rəqib futbolçular nəfəs almağa imkan vermirdilər. Tək Əli Qurbani qabaqda döyüşür, nəsə etməyə çalışırdı. Onun da dabanına Medina «oturmuşdu».

Buna baxmayaraq, forvard Ovusudan fərqli, yox yerdən mövqe qazanaraq təsəlli qolunu da vurdu. Bu da 2:0-dan sonra "Qarabağ"ın arxayınlaşması səbəbindən baş verdi.

Ağdamlı futbolçilar tez ayıldı, yenidən toparlandı və Zubir komandanı arxasınca apardı. Qollar özünü çox gözlətmədi. "Sumqayıt"ın bəxti gətirdi ki, rəqib dəmək olar hücumçusuz çıxış edirdi.

Ovusu öndə, sadəcə, yer doldurur, ancaq kənarlara çəkildikdə, komandaya köməyi dəyirdi. Sonda Qurban Qurbanov gözlənilməz, eksperimental, qəribə dəyişiklər edərək rəqibi bağışladı, hücumçusuz, lidersiz oynadı, «bəsdir» deyərək, hesabın daha da artmasına imkan vermədi.

"Qarabağ" ikinci ardıcıl matçda "Neftçi" kimi səhvə yol vermədi. İnamlı qələbə ilə hansı komandanın çempionluğa daha layiq olduğunu göstərdi.
Oyundan sonra Ayxan Abbasovun hakimlikdən şikayətlənməsi göstərdi ki, o, 2:4 hesablı məğlubiyyəti 90 dəqiqənin ədalətli yekunu saymır.

- Çətin oyun oldu. Belə də gözləyirdik. Qarşıda bizi çətin oyunlar gözləyir. Ruhdan düşmək olmaz. Qol epizodları yaratmağa nail olurduq. Fasiləyə bərabərliklə yollanmaq istəyirdik. Amma hakimin kobud səhvi oldu. İlk qolda Vüqar Mustafayevə qarşı kobudluq oldu, görmədilər. Hakimləri oyuna aqressiv hazırlayırlar. Xüsusən də, dördüncü hakimləri başa düşə bilmirəm. Baş məşqçiyə hərəkət etmək imkanı vermirlər. Bu gün də hakimlikdən narazı qaldıq. Avropaya baxıb öyrənsinlər. Dördüncü qolda da ofsayd var idi. Öz oyunçularımın da ötürmələrdə səhvləri oldu. Əli Qurbaninin zədələnməsi də planlarımızı pozdu. “Qarabağ” isə səhvlərdən istifadə edən komandadır.
- Bəzi oyunçularınızın zəif təsir bağışlaması yorğunluqla bağlı idi?
- Murad Xaçayevin zədəsi var idi, amma risk edib meydana buraxdıq. Sonradan axsadı. Vüqar Mustafayevin xəstəliyi var idi, bir məşq edib oyuna çıxmışdı. Məşqi az edən futbolçuların tempə ayaq uydurmamaları normaldır.

- Qarşıdakı matçlarda heyətdə dəyişikliklər planlaşdırırsız?
- Bütün futbolçularıma güvənirəm. Rotasiyalarımız olacaq. Qarşımıza mütləq avrokuboklara çıxmalıyıq məqsədi qoyulmayıb. Məqsədimiz mübarizə aparmaqdır. Bu periodda zədələnməmək önəmlidir. Bu üzdən dəyişikliklər etməyə məcburuq.

- “Sumqayıt” evdə “Qarabağ”a qarşı ən yaxşı oynayan komandalardan biridir. Bəs səfərdə bunu davam etdirməmək nə ilə bağlıdır?
- “Qarabağ” bu stadionda yaxşı çıxış edir. Statistikaya fikir verməmişəm. “Tofiq Bəhramov”da bərabərə qaldığımız vaxtlar olub. “Qarabağ” və “Neftçi”nin səviyyəsi göz qabağındadır.

- “Qarabağ”la ölkə kubokunda da üz-üzə gələcəksiz. Bu gün həmin oyunlar üçün hansı qeydləri götürmüsüz?
- Biz bu oyuna çox detallı hazırlaşmışdıq. “Qarabağ”, bəlkə də, çempionatın ən yaxşı komandasıdır. Həm müdafiədə, həm də hücumda pressinq edir. Kubok oyunu tam başqa olur. “Zirə” və “Qəbələ” ilə çox çətin iki çempionat oyunumuz da var. Bu gün kuboku düşünməyə vaxtımız yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti