“Xain Ermənistanı cəzalandır!” - Kremldən tələb edirlər

6 Aprel 2023 08:10 Problem 555
“Xain Ermənistanı cəzalandır!” - Kremldən tələb edirlər

Moskva ilə İrəvan arasında artan gərginlik getdikcə açıq müstəviyə keçir.

İrəvan nə qədər “cidanı çuvalda gizlətməyə” çalışsa da, Moskva bu cür vəziyyətə dözmək fikrində deyil.

Martın 24-də məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsindən irəli gələn öhdəlikləri tanıyıb.

Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan sonra Roma əsasnaməsi Ermənistan parlamentində ratifikasiya edilməlidir. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan ölkənin Roma əsasnaməsinə qoşulmasını BCM-in Azərbaycanı Laçın dəhlizinin blokunu açmaq öhdəliyi qoyması ilə izah edib. Rusiyanın Xarici İşlər Nazirliyi Haaqa Məhkəməsi tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma əsasnaməsinə qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Moskva belə bir qərarın son dərəcə mənfi nəticələri ilə bağlı İrəvana xəbərdarlıq edib.

Rusiyada bəzi dairələr hesab edirlər ki, Moskva İrəvanın bu cür siyasətinə daha dözümlü reaksiya verməkdən əməli işə keçməlidir. Milli Tədqiqat Universitetinin dosenti, politoloq Andrey Suzdaltsev diqqəti həm də Qarabağda artan gərginliyə yönəldib. “Rusiyanın orada arxası yoxdur. Erməni siyasi təbəqəsinin anlayışında Rusiya hər şeydən əvvəl Ermənistana borcludur. Onlar hesab edirlər ki, Rusiya Ermənistanı xilas etməlidir. Amma Rusiyanın Ermənistana borcu yoxdur. Onlar Ukraynada bizim xüsusi əməliyyatımıza dəstək verən qərarlar belə qəbul etmədilər. Krım və yeni bölgələri də İrəvan tanımır. İranın mövqeyini nəzərə alsaq, bazamızın Ermənistandan çıxarılmasına və qoşunların Dağlıq Qarabağdan çıxarılmasına hazır olmalıyıq”. Ekspertin sözlərinə görə, təmas xəttində Rusiya tək qalıb. “Paşinyan indi Ermənistanın KTMT-dən çıxmasını təmin etməyə çalışır. O, artıq Vladimir Putinin "həbs edilməsi" üçün order verən beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyasını qəbul edib. Biz Ermənistanda qalıb kimi qoruyuruq?"

Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?"

Sergey Markov

Rusiyalı politoloq Sergey Markov isə Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması qərarını şərh edərkən belə deyib: “Bu, Ermənistandan Rusiyanın üzünə bir şillədir. Bu, şəxsən Paşinyanın həyasızlığıdır. Kimsə bu ölkənin Rusiyanın müttəfiqi olduğunu düşünür? Bu, Rusiyanın müttəfiqi deyil, Rusiyanı satmaqdır. Bu qərar açıq-aydın göstərir ki, Paşinyan Rusiya ilə bütün əlaqələri kəsmək istəyir və onun prezidentinə hörmət etmir. Bu qərar onu da sübut edir ki, Ermənistan Rusiyanın müttəfiqi deyil, xaindir. Rəsmi Moskva buna belə yanaşmalıdır. Rusiya daha əvvəllər də Ermənistandan satqın hərəkətlər görüb. İndi belə bir qərar Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vuracaq. Bu, Rusiya rəhbərliyinin səbrini daşıracaq son damla ola bilər. Bütün bunlar artan xətlə gedir - Aİ missiyasının regiona dəvəti və KTMT əleyhinə bəyanatlar. Bunlardan nəsə Rusiyanın Ermənistana münasibətinin əsaslı şəkildə dəyişməsinə gətirib çıxara bilər".

Oxu.az - İqor Korotçenko:

İqor Korotçenko

"Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış rusiyalı ekspert İqor Korotçenko məsələyə “əslində Ermənistan ikinci Ukraynadır - eyni nankor, millətçi düşüncəli və Qərbin altına uzanmağa hazır! Proses artıq geridönməzdir”, - deyə münasibət bildirib. Digər rusiyalı politoloq Aleksey Naumovun sözlərinə görə, bu gün Moskva İrəvanla ittifaqdan heç nə qazanmır, yalnız narazılıq, şikayət eşidir. Politoloq qeyd edib ki, Rusiya Ermənistanla ittifaqdan heç nə qazanmasa da, Bakı ilə birlik Moskva üçün çox sərfəlidir: “Bu ittifaq həqiqətən də iqtisadi cəhətdən sərfəlidir, siyasi cəhətdən əsaslandırılıb və hər iki dövlət arasında əla münasibətlərlə möhürlənib”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu