”Artıq gücüm çatmır, heç vaxt yaşamadığım qədər ağrılarım olur”

2 Aprel 2023 03:40 Problem 779
”Artıq gücüm çatmır, heç vaxt yaşamadığım qədər ağrılarım olur”

Azərbaycanda, eləcə də ölkədən kənarda "Qarabağ”ın kifayət qədər azarkeşi var.

Düzdür, bəzən oyunlar zamanı onların hamısını bir arada stadionda görə bilməsək də, lazım olan məqamda birləşib komandaya böyük dəstəklərini nümayiş etdirirlər.

Xüsusən də avrokuboklarda ev oyunları zamanı bunun əyani şahidi oluruq. Yəni "Qarabağ”ın azarkeşləri təkcə Azərbaycan Premyer Liqası çərçivəsində oyunlara gələn insanlardan ibarət deyil.

Düzdür, həmin insanlar fanatdırlar, əziyyətləri böyükdür, bütün həyatlarını "Qarabağ”a həsr ediblər deyə bilərik.

Bütün bunlarla yanaşı, daim stadionlara gəlmək, komandasını yaxından dəstəkləmək imkanı olmayan, amma "Qarabağ”ı üəkdən sevən azarkeşlər də var.

Ağdam klubuna könül vermiş, onu bəlkə də canı qədər sevən azarkeşlərdən biri də Zəfər Hacıbalayevdir. Hazırkı sağlamlıq durumu heç də həmişə stadionlara getməyə imkan verməyən Zəfərin xüsusi qayğıya ehtiyacı getdikcə artmaqdadır.

Bir dönəm mətbuatda da çalışmış həmkarımızın hazırda ağrılarından qurtulmaq üçün müalicəyə ehtiyacı var. Daha doğrusu, xəstəliyindən müalicəsi üçün lazım olan məbləğə.

Hacıbalayev həyatındakı bəzi acı məqamlarla və hazırkı durumu ilə bağlı qaynarinfo-ya açıqlama verib.

O, sağlamlıq durumuna görə çox əziyyət çəkdiyini, maddi cəhətdən çatdıra bilmədiyini və bu səbəbdən əməliyyatına yardım üçün yaxın insanlara müraciət etdiyini söyləyib:

"Xəstəlik əslində, məndə doğulandan bəri var. Yeriməklə bağlı xəstəlikdir. 10-12 yaşımdan isə oturaq həyat yaşamağa başladım. Son bir neçə il ərzində isə heç vaxt yaşamadığım qədər ağrılarım olur. Gündəlik həyatıma, yatarkən, həm də nəfəs almağıma təsir edən bir xəstəlikdir. Əvvəllər buna görə insanlardan maddi yardım istəməyi özümə yaraşdırmırdım. Çünki məndən daha ağır vəziyyətdə, pula ehtiyacı olanlar var. Artıq gücüm çatmır, ailəm üçün də çətindir. Atamın da müəyyən yaşı var, çatdıra bilmir. Anam mən uşaq olarkən dünyasını dəyişib. Bir də kiçik bacım var. Atam kənddə yaşayır, onun üçün daha çətindir. Üstəlik onun da xəstəliyi var. Belində ağrılar olur”.

"Qarabağ” fanatı müalicəsi ilə bağlı xaricə getmək istədiyini deyir:


"Həkimlər deyirlər ki, çox riskli əməliyyat olacaq. Sonuncu dəfə Rusiyada 2002-2003-cü illərdə həkim yoxlanışında olmuşam. İstər-istəməz bu müddətdə orqanizmdə müəyyən dəyişikliklər baş verir. Həkimlər mənim üçün daha çətin olduğunu deyib. Çünki ciyərlərimdə də problem var. Ciyərlər sıxılır, tam nəfəs ala bilmirəm. Ona görə də əməliyyatın riskli olacağını bildiriblər. İstəyərdim, əməliyyat xarici ölkədə olsun. Çünki bu, Azərbaycanda çətindir. Düşüncəm odur ki, ya xaricdə əməliyyat olunum, ya da başqa ölkədən həkim gətirilə bilər. Hər şey nəzərə alınacaq, daha sonra əməliyyatla bağlı qərar veriləcək. Hələ iki aya yaxın vaxt var, konkret qərara gəlməmişik”.

Zəfər sevdiyi klubun rəhbərliyinin onun durumundan xəbərdar olduğunu və həmişə dəstək göstərdiklərini də dedi:

"3-4 aydır yardım kampaniyası başlatmışam. "Qarabağ”ın durumumdan xəbəri var. Mənimlə dəfələrlə əlaqə saxlanılıb. İstər futbolçular, istər klubun digər, lap şəxsən tanıdığım əməkdaşları olsun, hamısından yaxşı münasibət görmüşəm. Əslində, "Qarabağ”ın bu vəziyyətdə olan tək azarkeşi mən deyiləm. Belə problemi olan insanlar çoxdur. Sağ olsun "Qarabağ” həmişə mənə dəstəyini nümayiş etdirib. Hətta edilən maddi yardımlardan əlavə, "Qarabağ" mənə dəstək məqsədilə hərracda satılması üçün Xarıbülbül simvollu özəl formalar hazırladı, üzərində futbolçuların imzası ilə. Bir azarkeş üçün bunlar böyük məna kəsb edir”.

O, səsinin lazımi insanlara çatacağına ümid bəsləyir. Dəstək olmaq istəyənlər aşağıdakı kart məlumatlarından istifadə edə bilərlər.

Kapital Bank: 4169 7385 7996 4788

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu