
“Müdafiə Nazirliyinin rəsmi məlumatına görə,
Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Bu o deməkdir ki, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb”.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
Onun sözlərinə görə, atılan addımlar Qarabağda artıq müdaxilə dövrünün başladığı deməkdir:
“Birincisi, ermənilərin silah-sursat daşıdığı torpaq yolları Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülüb: söhbət Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan və ermənilərin tikinti apardığı Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolundan gedir;
İkincisi, bu, Azərbaycan ordusunun birbaşa Laçın yolunda praktiki addımlar atmasıdır: bununla rəsmi Bakı Laçın yolunun öz suveren ərazisi olduğunu və yoldan qeyri-qanuni məqsədlər üçün istifadəyə imkan verilməyəcəyini əyani şəkildə nümayiş etdirdi;
Üçüncüsü, artıq xəbərdarlıqlar dövrü başa çatdı: bundan sonra qanunsuz fəaliyyətlərin qarşısı birbaşa müdaxilə ilə alınacaq;
Separatçıların səngər qazmaq cəhdinin qarşısı da alınıb”.