De Byazi bizi necə bezdirdi...

29 Mart 2023 09:00 Problem 279
De Byazi bizi necə bezdirdi...

Milli bayraq altında oynanılan, ölkənin isminin komanda adı kimi qeyd olunduğu istənilən yarışma (futbol, basketbol, voleybol, həndbol və s.) artıq adi idman yarışı deyil, siyasi məsələdir.

Bir şey ki, həmin komanda qələbə qazananda “Azərbaycan qalib gəldi”, məğlub olanda isə “Azərbaycan uduzdu” deyirlər, yazırlar...

Bu halda içində vətən, millət təəssübü daşıyan hər kəs hansısa idman növünün azarkeşi olmasa da, nəticədən asılı olaraq, ya fərəhlənir, ya məyus olur.

Azərbaycan futbolu, “Qarabağ” futbolunun dışında, bizə xroniki və silsiləvi olaraq məyusluq yaşadır, ölkə insanına natamamlıq kompleksi aşılayır, xalqın özünəinamını qırır, döyüşkənlik ruhunu öldürür, adamları “biz buyuq, əlimizdən bir iş gəlmir” əhvalına kökləyir və s.

Ona görə də Azərbaycanın milli komandasının dünya və Avropa çempionatlarının seçmə mərhələsində biabrıçı oyunu, daha pisi, rüsvayçı məğlubiyyətləri (böyük hesabla, müqavimət göstərmədən) məmləkət əhlinin hiddətinə səbəb olur.

Açıq-aşkar ortadadır ki, futbol təsərrüfatında ciddi problemlər var və bu sahə təsadüfi, müasir futboldan xəbəri olmayan, yeni trendləri bilməyən insanlar tərəfindən idarə olunur. Daha dəqiqi, idarə olunmur, avtopilota qoyulub. Bu sahədə nə hansısa sistem var, nə hansısa dönüşə, perspektivə ümid etmək olar.

23 il öncə Azərbaycan millisi Bakıdakı oyunda Portuqaliya ilə döyüşkən heç-heçə edəndə Azərbaycan millisi dünya reytinqində 114-cü yerdəydi. Buna obrazlı olaraq “futbolumuzun pirojki dövrü” adı qoyublar. Ona görə ki, o vaxt milli komandamızın texniki bazası zəif, futbolçuların qidalanması bərbad idi, onlar oyunlara gerçəkdən də “pirojki” yeyib çıxırdılar, 1 taymı birtəhər oynayır, ikinci hissədə tam heydən düşürdülər. Hətta cərimə meydançısının kənarından topu güclü zərbəylə qapıdan keçirmək imkanları yox idi. Sadəcə, qeyrətli oynayır, əzmkarlıq göstərirdilər. Bacardıqları o idi.

Ancaq sonralar futbolumuza milyonlar ayrıldı, futbolçuların təlim-mışq toplanışları, qida rasionu, istirahətləri, maaşları Avropa səviyyəsinə yaxınlaşdırıldı. Nəticədə 114-cü yerdən daha da geri getdik, hazırda dünya reytinqində 121-ci yerdəyik.

Bütün bunlar ona görə oldu ki, futbol təsərrüfatımız elmi şəkildə, ağıl-kamalla idarə edilmədi və edilmir.

Buraya müxtəlif baş məşqçilərin bərbad seçimini və onların bərbad edarəçiliyini də əlavə etmək olar. Torres, Foqts, Prosineçki, de Byazi kimi əcnəbi mütəxəssisərə xaral-xaral pul verən AFFA bunun onda biri qədər yerli mütəxəssislərə ödəniş etmədi, onlara verdiyi 5-6 illik vaxtın üçdə birini belə öz məşqçilərimizə vermədi.

Sonuncu adı çəkilən məşqçi hələ bir il öncədən işindən kənarlaşdırılmalıydı. Amma bunu edən olmadı. Hər məğlubiyyətdən sonra mənasız və pafos dolu açıqlamaları ilə bizi bezdirən de Byazinin və İtaliyadan gətirib ətrafına yığdığı 6-7 işsiz veteran futbolçuların Azərbaycan futboluna faydası sıfırın üstündədir. Amma AFFA hələ də dirəşib. Bu şəxslərdən nəsə bir nəticə gözləmək tısbağanı sprinter yarışına göndərmək kimi bir şeydir.

Yerli mütəxəssislərlə işləmək lazımdır. Lazımsa, bəzilərini 6 aylıq, 1 illik kurslara göndərmək, yetişdirmək, püxtələşdirmək gərəkdir. Belə adamlar var. Bir neçə il öncə idman karyerasına son qoymuş futbolçulara şərait yaradılsa, düzgün istiqamətləndirilsə, fəaliyyətlərinə müxtəlif maneçiliklər törədilməsə, onlar hər halda ortaya de byazilərdən yaxşı nəticə qoyarlar. Onsuz da indikindən pis nəticə vermək mümkün deyil. Hər oyunda 4-5 top buraxıb uduzmaqdan pis nə ola bilər ki?

Futbol təsərrüfatını idarə edənlərdən və yaxşı məşqçidən çox şey asılıdır. Necə oldu ki, uşaqların hind qozu ilə futbol oynadığı Kamerun son 35 ildə dünya futbolunda rüzgar əsdirir, həmişə mundialın final mərhələsinə vəsiqə qazanır, qrupdan çıxır, yarımfinala qədər irəliləyir? Kamerunluların bu səviyyədə futbol oynamasının memarı Anatoli Bışovets ad-soyadlı bir rus məşqçi olub. Məhz o, Kamerunun milli komandasına qələbənin tamını dadızdırıb. Bu şəxsi da o vəzifəyə Kamerunun futbol federasiyası təyin etmişdi.

Demək, zamanında düzgün seçimlər etmək, futbolu qohumbazlıq, qrupbazlıqdan artlamaq, rəhbərliyə modern düşüncəli, analitik qabiliyyətli insanlar gətirmək lazımdır.

Elə etmək lazımdır ki, futbolçularımız güclü rəqiblərlə başa-baş oynasınlar, hər dəfə qələbə qazana bilməsələr də, heç-heçə edə bilsinlər, ən azı, biabırçı məğlubiyyətlərə uğramasınlar, seçmə mərhələnin qrupundan çıxsınlar, mötəbər yarışlara vəsiqə qazansınlar.

300 min əhalisi olan İslandiya bunu edə bilirsə, 10 milyonluq Azərbaycan da edə bilər. Təkbətək mübarizə tələb edən yarışlarda atletlərimiz dünya və olimpiya çempionu ola bilirlərsə, demək, biz o qədər əfəl millət deyilik, sadəcə, mütəşəkkiliyimiz çatışmır.

Xalid KAZIMLI

Digər Xəbərlər
Xəbər Lenti