Hərdəmxəyal De Byazi

29 Mart 2023 02:10 Problem 675
Hərdəmxəyal De Byazi

De Byazi AFFA ilə çətin, pandemiyanın hələ yeni başladığı vaxtda müqavilə imzalamışdı.

2019-cu ilin dekabrında Nikola Yurçeviç göndəriləndən sonra boş qalan baş məşqçi postuna bir sıra yerli namizədlərin adları səsləndirilsə də, qurum sonda italiyalı mütəxəsisin üzərində dayandı və 2020-ci ildə onunla müqavilə imzalanması barədə qərar çıxarıldı.

Hansısa komandaya yeni baş məşqçi gələndə onun müəyyən dəyişikliklərə getməsi qaçılmaz olur. Öz fikirlərini, taktikasını futbolçulara tamamilə çatdırmaq üçün istənilən mütəxəssisə müəyyən vaxt lazım olur. Bu, 5-6 aya, bir ilə qədər uzana bilər. Hərçənd Avropa ölkələrində bunun üçün o qədər də böyük zamana ehtiyac olmur. Baş məşqçi gəlir, artıq hazır olan futbolçulara cəmi bir neçə ay ərzində nə etmək istədiyini başa sala bilir. Amma "uzun vaxt lazımdır” kimi bəhanələr Azərbaycanda qəbuldur. Məsələn, Canni müəllim, artıq üç ildir ki, ölkəmizdədir, lakin hələ də eksperiment aparmaqdan doymur. AFFA rəhbərliyinin "təcrübə dovşanı”na çevirdiyi millimiz bir neçə dəfə məhz italyan mütəxəssisin eksperimentlərinin qurbanı olub. Elə son iki oyunda olduğu kimi. Qələbə qazanmalı olduqları oyunda məğlubiyyətə uğrayıblar. Xal qazanmalı qarşılaşmalarda böyük hesabla uduzublar. Üç ildir Azərbaycanı gəzən mütəxəssis hələ də eksperimentlərindən əl çəkmək niyyətində deyil. Yeni gəldiyi vaxtlarda tipik italyan üsulu olan müdafiə futboluna üstünlük verdi. Hücumameyilli futbolçuları daha çox olan komandaya müdafiə futbolu oynatmaq, cəsarətsizlik nümayiş etdirmək nə dərəcədə effektlidir? Əslində, problem ondadır ki, adam normal müdafiə də qura bilmir.

Digər tərəfdən, De Byazi sanki, heç Azərbaycan çempionatının oyunlarına baxmır. Baxırsa və lazım olmayan oyunçuları dəvət edirsə, o zaman niyə baxır? Məsələn, "Sabah”da bir aydan çoxdur meydana çıxmayan Bəxtiyar Həsənalızadə Avstriya kimi komanda ilə seçmə mərhələ matçında əsas heyətdə nə gəzirdi? Uzun müddət oynamayan futbolçunun nəyi, hansı göstəricisi De Byazi üçün vazkeçilməz idi? Onu meydana buraxdı, nəticə nə oldu? Məhz Bəxtiyarın səhvlərindən sonra qapımızda qol gördük. Gənc Yusif İmanovu AVRO-2024-ün ilk sınağında meydana buraxmaq da müzakirələrə səbəb olmuşdu. Amma qapıçının "Sabah”da son vaxtlar daimi heyət üzvü olduğunu nəzərə alsaq, buna haradasa haqq qazandırmaq mümkündür.

Hə, heç "Neftçi”də düz-əməlli oynamayan Höccət Haqverdi hansı səbəbə görə həm Avstriya, həm də İsveçlə oyunda start 11-likdə idi? Azərbaycanlılaşdırılıb yığmaya soxuşdurulan, amma bir az belə faydası olmayan İran əsilli müdafiəçi nəyimizə lazımdır? Məsələn, Höccətin millidən kənarda saxlanılan Qara Qarayevlə Maksim Medvedevdən nəyi artıqdır? Mən deyim? Heç nəyi. Xüsusən də təcrübə baxımından. De Byazinin bu futbolçuya olan xüsusi sevgisini anlamıram. Məsələ burasındadır ki, Haqverdinin İsveçlə oyunda buraxdığımız ilk qolda səhvini gördük. İsveçli futbolçu Emil Forsberq ən birinci ondan, daha sonra digər futbolçulardan sıyrılaraq qol vurmağa nail oldu. Ümumiyyətlə, ilk oyunda olduğu kimi, İsveç qarşısında da müdafiəmiz bərbad oynadı. Nə komandanın, nə də baş məşqçinin özlərindən xəbəri vardı.

Ən acınacaqlı hallardan biri də odur ki, ötən oyunlardan dərs çıxarmayan De Byazi eksperimentlərini İsveçdə də davam etdirdi. Məsələn, sol cinah oyunçusu Toral Bayramovu sağda oynadırdı. Hücumdakı oyunçular yerlərini tez-tez dəyişirdi. Meydanda ən çox can yandıran Emin Mahmudov idi, o da digər oyunçuların yarıtmazlığı, mövqe səhvləri ucbatından həm müdafiəyə, həm də hücuma qaçmalı, çox işləməli olurdu. Nəticədə sonda qolla nəticələnən səhvə yol verdi. Taktiki sxemi tez-tez dəyişən baş məşqçi deyəsən AVRO-2024-ün seçmə mərhələsini yoldaşlıq görüşləri ilə səhv saldı. Nəticə nə oldu? Biabırçılıq - 0:5…

Artıq bu qənatə gəlmək olar ki, 3 ildir Azərbaycanda gəzib-dolaşan, kef edən italiyalı konkret heyət və oyun üslubu formalaşdıra bilməyib. Adam hərdəmxəyaldır e. Hər oyuna bir heyətlə çıxır. Hətta o qədər hərdəmxəyaldır ki, nə vaxtsa qapıçılarımızdan birinin yerini dəyişib hücuma atacağını da gözləyirəm. Futbolumuzun başına açılan oyunların ən böyük günahkarı olan AFFA Azərbaycana hələ belə qeyri-sabit fikirli məşqçi gətirməmişdi desəm, bəlkə də yanılmaram. Yaşayaq görək, AFFA-De Byazi "cütlüyü” daha hansı fantaziyalar düşünürlər (qaynarinfo)…

Səbuhi Həsənov

Digər Xəbərlər
Xəbər Lenti