Milli biabırçılığa son qoymaq üçün kimlər danışmalıdır? - ADLAR

29 Mart 2023 14:40 Problem 1 406
Milli biabırçılığa son qoymaq üçün kimlər danışmalıdır? - ADLAR

Milli komanda növbəti dəfə seçmə mərhələyə uğursuz start verdi.

İlk iki oyunda komanda 9 qola üzüldüsə, yalnız bir halda "qol" deyə sevinə bildilər.

Avstrya və İsveç qarşısındakı darmadağından sonra futbol ictimaiyyəti yenə iki cəbhəyə parçalanıb. Kimisi AFFA rəhbərliyini haqqlı olaraq istefaya səsləyir, sistemin yoxluğunu qabardırsa, bir başqa kütlə də günahı baş məşqçi Canni De Byazidə görür. Fikirlərə hörmətlə yanaşıram. Hər tərəfin də öz haqqlı arqumentləri var. Rəhbərliyi, baş məşqçini başa düşdük. Bəs futbolçular?

Onlar niyə susublar? Niyə danışmırlar? Niyə problemləri dilə gətirmirlər?

Gəncləri başa düşdük. Lap orta səviyyəli klublarda çıxış edənləri də başa düşdük. Bəs millinin "as" futbolçularına nə söz?

Ramil Şeydayev, Emin Mahmudov niyə danışmır? Nədən qorxurlar? Əgər bu millini, bu formanı, bu ölkəni sevirsinizsə gərəkdiyində həm də danışacaqsınız.

Yalnışların gözünə dik baxıb, heç bir vicdan əzabı çəkmədən, mənəvi sarsıntı yaşamadan necə yata bilirsiniz? Axı sizlərin əlinizlə bizlər təhqir olunuruq. Onun üçün də sizlər söyülürsünüz.

Danışsanız ən pis halda milli komandanın qapıları üzünüzə bağlanacaq. Olsun. Uzağı klubdakı qazancınızın qəpik-quruşu qədər ziyan görəcəksiniz. Məgər millinin gündəlik yazılan puluna Ramilin ehtiyacı var, yoxsa Eminin?

Sizin nəyiniz Maksim Medvedevdən, Qara Qarayevdən əskikdir? Düz sözü dedikləri üçün hər iki oyunçu da aylardı millidən kənarda qalıb.

Medvedev italiyanla arasında yaşadıqları barədə mətbuata bunları demişdi: "De Byaziyə yaxınlaşıb, oyunu müzakirə etməyə başladıq. Dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik. Oyunçular bilmir, kim hara qaçsın. Ona görə aramızda xoşagəlməz söhbət oldu".

Medvedevin dilə gətirdikləri həqiqətlərdən digərləri agah deyil? Əlbəttə, agahdır, amma susurlar, danışmağa qorxurlar.

Tək əldən isə səs çıxmaz. Heç iki əldən də səs çıxmaz. Gərək Maksimə, Qaraya Emin də, Ramil də, Səlahət də və digərləri də qoşula. Yaşadıqları/yaşatdıqları milli biabırçılığa son qoymaq üçün.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti