“Ermənistanla Azərbaycan arasında davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir”.
ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Luis Bono “Azatutyun”a müsahibəsində “Dağlıq Qarabağın nizamlanma prosesinin bir hissəsi olub-olmayacağı haqda ” sualına cavabında belə deyib.
“Davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir. Və biz buna qərarlıyıq, bunun vacibliyini dərk edirik”, - Dövlət Departamentinin baş müşaviri bildirib. Bono qeyd edib ki, Dağlıq Qarabağ məsələsi sülh prosesinin bir hissəsinə çevriləcək. “Düşünürəm ki, hər iki tərəf bunu etiraf edib. Amma bayaq dediyim kimi, biz burada heç bir razılaşma və ya razılaşmaya şərt qoymaq üçün gəlməmişik. Bu, tərəflər üçün vacibdir. Və biz hər iki tərəflə işləyəcəyik. Qeyd edim ki, prezident Əliyev Münhendə dedi ki, Qarabağ nümayəndələri ilə ünsiyyət qurmaq üçün nümayəndə təyin edəcək. Deyəsən, bu, keçən həftə baş verib. Və onunla apardığım müzakirələrdə o, bu müzakirələri davam etdirməyə hazır olduğunu bildirdi. Ona görə də biz bu istiqamətdə tərəflərlə işləmək imkanlarına nikbin baxırıq. Amma asan olmayacaq. Bu, hər tərəfdən çox gərgin iş və öhdəlik tələb edəcək”, - amerikalı diplomat bildirib.
Məlumdur ki, Ermənistan uzun-uzadı müzakirələrdən sonra sülh sazişində Qarabağla bağlı məsələnin olmayacağına razılaşmışdı. Doğrudur, son aylar yenidən bu istiqamətdə fəallaşma var və Paşinyan hakimiyyəti sülh danışıqlarını yubadacaq bu məsələni yenidən ortaya atmaqla regionda gərginliyi tətikləmək məqsədi güdür. Amerikalı diplomatın Bakıda rəsmi şəxslərlə görüşdə bu mövzuda nələr dediyi məlum deyil. Hər halda, Bakının bu şərti qəbul edəcəyi də real görünmür. Amma ABŞ nümayəndəsi “biz burada heç bir razılaşma və ya razılaşmaya şərt qoymaq üçün gəlməmişik” desə də, bu, faktiki İrəvanın “dəyirmanına su tökmək” anlamına gəlir. Amerika əvvəldən də Qarabağ ermənilərinin təhlükəsizlik məsələsini xüsusi qabardırdı, indi isə faktiki bunun sülh müqaviləsinə daxil edilməsi haqda danışır.
Halbuki Xankəndidəki separatçıların rəhbəri Araik Arutyunyan Qarabağın Azərbaycanın olduğunu etiraf edib. Yəni bu iş daxili məsələdir, Bononun dediyi kimi ola bilməz. Araikin çıxışı isə Ermənistanda birmənalı qarşılanmayıb. Prezident İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levitslə görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Azərbaycan Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifləri verib: “Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir”. Yəni Bakı yenilənmiş variantı İrəvana göndərib və cavab gözləməkdədir. Amma sülh təkliflərində hansı müddəalar yer alır. Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Prezident İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında isə bildirib ki, Azərbaycanda milli azlıqların hüquqları konstitusiyamız tərəfindən qorunur. Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlət başçısı əmindir ki, Qarabağda ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq".

