“Kəpəz” və “Turan Tovuz” uzun aradan sonra bu mövsüm yenidən yüksək liqaya buraxıldı.
Qısa müddət içində artıq Tovuz təmsilçisi özünə yeni sponsor tapa bildi. “Huner Group” bölgə klubu ilə uzunmüddətli himayəçilik müqaviləsi imzaladı.
Məhz bu əməkdaşlıqdan az müddət keçmiş komandanın böyük problemlərindən biri olan nəqliyyat məsələsi öz həllini tapdı.
Arxada qalan yarım mövsümdən artıq dövrü icarəyə götürülən nəqliyyat vasitəsinin ümidinə qalan tovuzluların indi 200 min manat dəyərində avtobusu var.
Müxtəlif versiyalar səslənir. Gah bu işlərFutbolun İnkişaf Fondu (FİF) tərəfindən atılan addım kimi qiymətləndirilir, gah AFFA-nın dəstəyi, gah da sponsorun öz şəxsi təşəbbüsü kimi.
“Turan”la bağlı belə xoş gedişat hamımızı sevindirməyə bilməz. Təki bölgə klublarının daha dayanıqlı olmasına xidmət edən belə addımları tez-tez eşidək. Fərq etməz ki, kim vasitəci olub, necə vasitəçi olub.
Önəmli olan odur ki, ortada sənədli-subutlu sponsor müqaviləsi və nəqliyyat vasitəsi var.
Amma böyük təəssüflə deməliyəm ki, cəmi 70-80 km məsafədə yerləşən Gəncə şəhərinin təmsilçisi haqqında oxşar xəbərlər ala bilmirik.
Bu günə qədər nə hər hansı əməkdaşlıq müqaviləsi imzalanıb, nə də kluba nəqliyyat vasitəsi alınıb.
Hiss edirəm ki, yaranmış durum gəncəli futbolsevərlərə də xoş deyil.
Halbuki ölkənin ikinci ən böyük şəhəri buna daha yaxın görünür. Paytaxtda daha yaxın olan, müasirlikdə daha öndə olan Gəncənin klubu nədənsə klubun inkişaf etdirilməsi, böyüməsi yolunda qonşu rayonun komandasından geri qalır.
Məncə, hazırkı mənzərə hansısa zəlzələdən və ya vəlvələdən yox, elə yerli publikanın üzündən baş verir.
Bu gün “Kəpəz” ətrafında yaşananlar yerli futbol adamlarını da, futbol ictimaiyyətini də bezdirib.
Hətta “Bu klub elə birinci diviziona daha layiqdir” fikrini səsləndirənlər də az deyil.
Redaksiyamıza zəng edən 3 gəncəli fanatın ikisinin fikri üst-üstə düşmür. Biri Tərlan Əhmədovun müdafiəçisi rolunda çıxış edir, digər müxalif mövqe tutur, bir başqası da rəhbərlikdən dad edir.
Sizcə, ağlı olan hansısa sponsor, ağlı olan federasiya bu münasibətlər zəminində “Kəpəz”ə yaxın gələrmi?
Təbii ki, yox. Bəlkə də xahiş-minnətlə kimlərisə bu işə cəlb edəcəklər.
Ancaq, unutmayın, ab-hava, cəbhələr arasına münaqişələr düzəlməyincə könüllü gələn olmayacaq.
Məcburiyyətdən sinəsini qabağa verənlər də çox çəkməz dabanın geri çəkməyə vadar olacaq.
Olan yenə kimə olacaq / olur?
Əlbəttə, Gəncə futboluna!
XANOĞLAN İMANOV

