YENİ PROBLEM - Bu, daha peyvənd olunmamışların pandemiyası deyil

26 Noyabr 2022 20:30 Problem 399
YENİ PROBLEM - Bu, daha peyvənd olunmamışların pandemiyası deyil

Mütəxəssislər indiyədək koronavirus pandemiyasını “peyvənd olunmamışların pandemiyası” da adlandırırdılar.

Çünki koronavirus xəstəliyindən ölənlərin çoxu peyvənd olunmamış insanlar idi.

Lakin ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır ki, daha belə deyil.

Qəzetin “Bu, daha peyvənd olunmamışların pandemiyası deyil” başlığı altında dərc etdiyi məqalədə bildirilir ki, artıq koronavirusdan ölən amerikalıların əksəri vaksinasiyanın ən azı birinci mərhələsindən keçmiş insanlardır.

Vurğulanır ki, pandemiya dövründə ilk dəfədir rəsmən belə bir statistika açıqlanır.

Qəzetin yazdığına görə, peyvənd olunanlar arasında ölümün artması tendensiyası 2021-ci ilin sonlarından müşahidə edilir.

2021-ci ilin sentyabrında virusdan ölən amerikalıların yalnız 23 faizi peyvəndlənmiş adamlar olub.

2022-ci ilin yanvarında bu göstərici 42 faiz təşkil edib.

Avqust ayında isə göstərici daha da artaraq 58 faizə çatıb.

Bu statistikaya həm vaksinasiyanın ən azı ilkin mərhələsindən keçmiş, həm də buster doza qəbul etmiş insanlar daxildir.

Alimlər hazırkı vəziyyəti bir neçə amillə izah edirlər.

Əvvəla, indi heç peyvənd olunmamış adama rast gəlmək çətindir. Peyvəndlənən insanların sayı xeyli artıb. Bu isə istər-istəməz koronavirusdan ölənlər arasında peyvəndlənmiş adamların sayının da artması ilə nəticələnir.

İkincisi, mövcud koronavirus peyvəndləri ömürlük immunitet qazandırmır, vaxt ötdükcə peyvəndin təsiri azalır.

Üçüncüsü, virusun peyvəndlərdən yayına bilən yeni növləri meydana çıxır.

Ona görə mütəxəssislər təkrar-təkrar peyvəndlənməyi, o cümlədən təkrar vaksinasiyadan keçərkən virusun yeni növlərinə uyğun təkmilləşdirilmiş peyvəndlərə üstünlük verməyi məsləhət görürlər. Bu tövsiyə xüsusilə həssas qruplardan sayılanlara, o cümlədən yaşlı insanlara aiddir.

Alimlər bildirirlər ki, hələ də koronavirusun ağır nəticələrindən sığortalanmağın yeganə sınanmış yolu peyvənd qəbul etməkdir, ayrı yol yoxdur.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası indiyədək dünyada 6 milyon 631 min nəfərdən çox adamın ölümünə səbəb olub. Bu ölümlərin 1 milyon 104 mindən çoxu ABŞ-da qeydə alınıb. Koronavirusdan ölənlərin sayına görə ABŞ dünyada ilk yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti