Tanınmış ekspert: "Onların daxili işinə qarışmaq istəmirəm, amma..."

25 Noyabr 2022 14:00 Problem 444
Tanınmış ekspert: "Onların daxili işinə qarışmaq istəmirəm, amma..."

Hal-hazırda bütün dünyanın gözü Qətərdədir.

Ən güclülərin toplaşdığı dünya çempionatı bizi bir-birindən maraqlı oyunlar və gözlənilməz nəticələrlə təəcübləndirir.

Oyunlardan əvvəl və sonra telekanllarda gedən müzakirələri də maraqla gözləyənlər var.

Adətən, xarici telekanallarla bizimkilər arasında müqayisə predmeti şərhçilik olsa da, bu dəfə ictimaiyyət arasında verilişdəki təhlillər, qonaqlar baxımından da fərq olduğunu qabardanlar çoxdur.

Yəni, Türkiyə və Rusiya TV-lərində matçlardan əvvəl və sonra gedən verilişlərin bizim yayımçı kanaldakından çox üstün olduğu deyilir.

Bu mövzuyla bağlı futbol eksperti kimi tanınan Emin Abbasova müraciət etdik. O, Sportinfo.az-a açıqlamasında bu məsələyə öz baxışının olduğunu dedi:

"İlk növbədə onu deyim ki, bizdə dünya çempionatının yayımçısı olan İTV-də çox yaxşı virtual studiya qurulub. Verilişləri izləmək gözə də xoş gəlir.

İş həcmi kifayət qədər böyükdür. Gün ərzində xeyli sayda buraxılışla efirə çıxırlar, operativlik göz önündədir.

Burada danışılanlar, təhlil və müzakirələrin səviyyəsinə gəlincə, bizim teleməkanda əsas problem hələ də ekspert işinə peşə kimi yanaşılmamaqdadır.

Mundial başlayandan bəri İTV-dəki verilişlərə xeyli sayda futbol adamı, jurnalistlər qonaq kimi gəliblər. Təbii ki, bu adamlar arasında yaxşı performans göstərənlərlə yanaşı, zəif çıxış edənlər də olur.

Bir tərəfdən baxanda, çox adamın dəvət alması fikir müxtəlifliyi, fərqli yanaşma deməkdir. Digər tərəfdən isə bəzən elə qonaqlar olur ki, verilişi baxımlı edə bilmirlər.

İTV-nin daxili işinə qarışmaq istəmirəm, amma məncə, şərhçilər qrupu ilə yanaşı, dünya çempionatı üçün ekspertlər qrupu yaradılsaydı, bu, daha effektiv olardı.

Məsələn, bir neçə daimi ekspertlə anlaşsaydılar, bu adamlar gün ərzində matçları diqqətlə izləyib, qeydlərini aparıb gün ərzində verilişlərdə daha yüksək performans ortaya qoya bilərdilər.

Əminliklə deyə bilmərəm ki, elə olacağı halda belə, Türkiyə və Rusiya telekanallarından daha yaxşı verilişlər ərsəyə gətirmək olar. Amma indikindən daha effektli olardı, məncə.

Hər halda bu mənim baxışımdır, bəlkə də yanlışdır. Lakin yenə də o fikirdəyəm ki, ekspert işinə ayrıca peşə kimi yanaşılmasa, bizdə bunu xarici ölkələrdəki səviyyəyə qaldırmaq çətin olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!