"Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

17 Noyabr 2022 01:00 Problem 366
"Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

"Nəzərinizə çatdırmaq istərdim ki, AFFA İntizam Komitəsi heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyil".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA İntizam Komitəsinin (İK) sədri Erkin Hüseynov Klublar Komitəsinin son iclasında Premyer Liqanın bəzi təmsilçilərinin qurumun fəaliyyətindən narazılığına münasibət bildirərkən deyib.

Klub nümayəndələri xırda nöqsanlara görə cərimə kəsilməsindən və bunun hər həftə təkrar olunmasından danışıblar.

Hüseynovun sözlərinə görə, İK-in iclasları həftədə iki dəfə keçirilir və çıxarılan qərarlar AFFA nümayəndələrinin raportlarına əsasən verilir:

"Stadionda internet işləmirsə, xəbərdarlıqlara baxmayaraq, bu, təkrar olunursa, KİV nümayəndələri, hakimlər, oyundan sonra öz işlərini normal yerinə yetirə bilmirlərsə, futbolçu isti suyun olmamasına, suyun gəlməməsinə görə yuyuna bilmirsə, hakim əvəzetmə tablosunun işləməməsinə görə əvəzetməni əli ilə işarə edirsə, meydan normal qaydada sulanmırsa, futbolçu öz texniki zonasında bilərəkdən oturacaqları sındırırsa, məgər, bu faktlar xırda nöqsan sayılır?

Elə hər bir problem xırda nöqsanlardan böyüyür. Hər hansı bir qayda pozuntusunun xırdası-böyüyü olmur. Əsasnamə qaydalarına zidd olan əməllər həmişə olduğu kimi sanksiyalarla tənzimlənir.

Müstəqil qurum olaraq, İntizam Komitəsinin verdiyi qərarlar qanunvericiliyə söykənir. Əfsuslar olsun ki, bəzi söylənilən mənfi fikirlər ictimaiyyəti çaşdırır. Ona görə bu məsələlərə ciddi, qaydalara isə hörmətlə yanaşılmalıdır".

Komitə sədri bildirib ki, oyunlara təyinat alan AFFA nümayəndələri Peşəkar Futbol Liqasının (PFL) əsasnaməsini rəhbər tutaraq, öz raportlarında xırda və böyük problemləri qeydə alır:

"PFL-in əsasnaməsi, AFFA İntizam Komitəsinin məcəlləsində göstərilən maddələrlə bütün klubların əməkdaşları və futbolçuları yaxından tanış olmalıdırlar.

Əsasnamə, klublarda intizam qaydalarının artırılması futbolumuzun inkişafı naminə bütün qaydalara riayət olunması bu günün tələbidir.

Gəlin, hər şeyə barmaqarası baxmayaq. Yaddan çıxarmayaq ki, hər şey xırda məsələdən böyüyür".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!