Cari mövsümdə Premyer Liqada iştirakına icazə verilən “Turan Tovuz” çempionatda xoş təsir bağışlasa da, klubun maliyyə baxımından axsaması danilmaz faktdır.
Dərinə getmədən təkcə bir məqama toxunaq. Tovuzdakı stadion işıqlandırma sistemindən və tablodan məhrumdur.
Oyunun yayımlayan “CBC Sport” telekanalının operatorları üçün mərkəzi tribuna ilə üzbəüz tribunadan çəkiliş aparmaq üçün uyğun yer yoxdur. Dolu tribunaları efirə daşımaq üçünsə maddi vəsait tələb olunur.
Pulsuzluq ucbatından klub rəhbərliyi bu və bir neçə digər vacib problemlərin həllində acizdir. “Turan Tovuz” AFFA-dan ayrılan 2 milyon manatın ümidinə qalıb.
Şəhər rəhbərliyi və bölgənin imkanlı şirkətləri ilə şəxsləri əlini cibinə salmaqda maraqlı deyil. Odur ki, ümid qalıb Bakıdan köçürülən pula. Həmin 2 milyonun isə özü boyda dərdi var.
Göstərilən məbləğ əsas komandanın yığılmasına və saxlanılmasına ayrılıb. Yəni bu, təkcə maaş büdcəsi deyil. İl ərzindəki bütün xərclər 2 milyonun içindədir.
Bura nələr daxildir?
- ölkədaxili yarışlarda səfər xərcləri (məskunlaşma və qidalanma)
- təlim-məşq toplanışları
- dərman və vitaminlər
- bazada qidalanma
- zədəli futbolçuların müalicə və əməliyyatı
- avtobus icarəsi
- forma dəstləri
- agentlərin komission haqqı
Göstərilən bəndlərin hər birinə müəyyən qədər vəsait ayrıldıqda, yerdə təxminən 1,1-1,2 milyon manat qalır.
Həmin vəsait isə 25-ə yaxın futbolçu, məşqçilər korpusu, inzibati və texniki heyətin aylıq məvacibidir.
Futbol dili ilə desək, “Turan Tovuz”un təxminən 40 nəfərlik heyətinin illik maaş büdcəsi 650 min dollar təşkil edir.
“Qarabağ”, “Neftçi”, “Sabah” kimi imkanlı klubların 3-4 futbolçuya verdiyi pul qədər. “Qarabağ”da vəziyyət nisbətən fərqli olsa da...
HƏBİB / SPORTİNFO.AZ

