“Turan Tovuz” gürcüstanlı futbolçunun xidmətindən yararlana bilmir.
Bölgə təmsilçisinin yayda heyətinə qatdığı Piruzi Marakvelidze Premyer Liqanın açılış turunda komandasının “Qəbələ”yə qarşı oyununda əsas heyətində yer almışdı və 32-ci dəqiqədə kobud hərəkətə görə qırmızı vərəqə ilə cəzlanmışdı.
İntizam Komitəsi “qırmızı”ya görə 27 yaşlı futbolçunu 2 oyunluq cəzalandırmışdı ki, Piruzi “Səbail” və “Sumqayıt”la oyunları kənardan izləmişdi.
5-ci turda “Şamaxı”yla səfər görüşündə gürcü yarımmüdafiəçinin adı iştirak ərizəsinə salınsa da, Ayxan Abbasov ona şans verməmişdi.
Həmin oyundan sonra, konkretləşdirsək, sentyabrın 3-dən bu yana Marakvelidzenin adına rast gəlmirik. Nə “11-lik”də, nə də ehtiyat oyunçuların siyahısında.
Olmaya Piruzi “Turan Tovuz”dan ayrılıb? Və ya ilk turdakı “qırmızı” ona baha başa gəlib? Bəlkə zədələnərək uzun müddətə sradan çıxıb.
Klubun mətbuat katibi Süleyman Tağıyevlə söhbətdə məlum oldu ki, səbəbkar məşqlərin birində zədələnibmiş.
Müalicə alıb komandayla məşqlərə başlayanda zədəsini təzələyib. “30 nömrə” hazırda müalicəsini davam etdirir. Sıraya nə vaxt qayıdacağı isə müalicənin gedişatından asılıdır.
HƏBİB / SPORTİNFO.AZ

