Premyer Liqanın 10-cu turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” oyununa 1775 bilet satılıb.
Bu biletlərdən 1723-ü adi yerlər üçün nəzərdə tutulan 3 manatlıq, 52-si VİP tribuna üçün 10 manatlıq olub.
Bundan əlavə, cari mövsümün ilk ev oyununda stadiona giriş üçün şəhid və qazi ailələrinin üzvlərinə, Gəncəyə raket atışı zamanı xəsarət alan şəxslərə, futbol veteranlarına, müxtəlif qurumlara və fanklub üzvlərinə pulsuz biletlər verilib.
“Kəpəz” oyundan öncə baş vermiş neqativ hallarla da bağlı açıqlama yayıb:
“Təəssüflə bildirmək istəyirik ki, stadiona girişdə bəzi neqativ hallar yaşanıb, vəziyyətdən sui-istifadə zamanı müəyyən şəxslər arenaya biletsiz daxil ola biliblər.
Bilet satışı təşkil olunacaq növbəti ev oyunlarında bu cür halların baş verməməsi üçün tərəfimizdən daha ciddi nəzarət tədbirləri görüləcək.
Hədəfimiz mövsüm boyu bütün matçlarda bilet satışını 100%-ə çatdırmaqdır”.
“Kəpəz”in yaydığı açıqlama ilə əlaqədar redaksiyamızla əlaqə saxlayan bir qrup gəncəli futbolsevər biletlərin qiymətindən şikayət edib:
“Üç manata bilət olar? Hər adamın bu pulu verməyə imkanı yoxdur axı...
Bir ailəni götürün. O evdən 3-4 nəfər futbola stadionda baxmaq istəyir. Həmin ailə təkcə 9-12 manatı biletə xərcləməlidir.
Bunun yolpulusu var? Var. O adamlar yolda, stadionda nəsə yemək istəyəcək? İstəyəcək. Bu da əlavə 10-15 manat deməkdir.
Gündə Gəncədə 30 manata yaxın pulu kim qazanır ki? Qonşu Tovuzda stadiona giriş 2 manatdır.
Baxın, onlar da 4-5 minlik stadionu hər dəfə tamamilə doldura bilmirlər. Biletin qiyməti 1-1,5 manatdan yuxarı olmamalıdır.
Klub açıqlama yayıb ki, stadiona girişdə bəzi neqativ hallar yaşanıb, vəziyyətdən sui-istifadə zamanı müəyyən şəxslər arenaya biletsiz daxil ola bilib.
Pul vermədən içəri keçənlər elə öz adamlarıdır, öz yaxınlarıdır. Qəsdən onlara şərait yaradıblar ki, bilet almadan futbola baxsınlar”.
SPORTİNFO.AZ

