Məmur laqeydliyi, PFL-in səxavəti və acınacaqlı vəziyyət: “Maliyyə ilə bağlıdır”

18 Oktyabr 2022 16:40 Problem 847
Məmur laqeydliyi, PFL-in səxavəti və acınacaqlı vəziyyət: “Maliyyə ilə bağlıdır”

İllərdir daş atıb başımızı tuturduq ki, bəs, bölgələrdə futbol yoxdur, olmalıdır, futbolumuz inkişaf etməlidir və s. və i.

AFFA və PFL rəhbərliyi ölkə futbolunun və futbolçularının inkişafını nəzərə alaraq “Turan Tovuz”la “Kəpəz”in elitada iştirakına imkan verdi ki, futbolsevərlərin könlü şad olsun, dedi-qodular səngisin.

Tez-tələsik verilən qərarın fəsadları olduqca ağırdır. İki günlük səfər etdiyim Tovuz və Gəncə stadionlarındakı vəziyyəti yaxından görmək, təhlil etmək və nəticə çıxarmaq imkanım oldu.

Tovuzdakı durum Gəncədəkinə nisbətən qat-qat yaxşıdır. Qazonun dəyişdirilməsi və futbol akademiyasının tikilməsi əsas komandanın işini xeyli asanlaşdırıb.

Lakin hər ikisində ortaq problem var ki, kənardan kiçik görünsə də, olduqca ciddi nüansdir. Premyer Liqa oyunlarını qəbul edən Tovuz və Gəncə stadionlarının heç birində hesabı və dəqiqəni göstərən tablo yoxdur.

Yəni stadiona oyunun gedişində gələn azarkeş nəticədən xəbər tutmaq üçün yanındakıları sorğulamalıdır. Yaxud biz jurnalistlər, matçda neçənci dəqiqənin oynanıldığını bilmək üçün hər dəfə telefona, yaxud qol saatına “müraciət etməliyik”.

Və ən faciəvisi, “Turan Tovuz”un özündə və rəqib komandaların heyətində kifayət qədər legionerin top qovmasıdır.

Təsəvvür edin, “Tottenhem”də yetişən, “Reyncers”də oynayan ingiltərəli Natan Oduva bu gün peşəkar liqada tablosuz stadionda top dalınca qaçır.

Heç kim zəmanət vermir ki, Oduva illər sonra Londonda Azərbaycanla bağlı xatirələrini yada salanda bu biabırçılıqdan söz açmayacaq. Yaxud da digər oyunçular.

Kiçik ölçülü, sadə mexanizmli tablo ciddi məbləğ tələb etmir. Bunun üçün yüzminlərə gərək yoxdur. Dağ boyda Gəncədə, milyonçuları ilə tanınan Tovuzda problemi aradan qaldırmaq isə iki vur ikidir.

Bəs, niyə aradan qaldırılmır? Nə vaxta kimi belə qalacaq? Peşəkar Futbol Liqası məsələ ilə bağlı nə düşünür? Çempionatın Əsasnaməsi nə deyir?

Ölkə çempionatını təşkil edən və keçirən qurumun icraçı direktoru Elgiz Abbasov iradlarla tam razılaşaraq saytımıza açıqlamasında məsələyə münasibət bildirdi:

“Bilirsiniz ki, “Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya bu il qayıdıb. Həqiqətən də infrastrukdur məsələsi ilə bağlı problemləri var. Düzdür, bunların böyük bir qismi aradan qaldırılıb. Ot örtüyü, soyunub-geyinmə otaqları və digər oyunla birbaşa əlaqəli vacib məqamlarla bağlı problem yoxdur.

Amma bu, gün kimi aydındır ki, hər iki stadionda işıqlandırma sistemi və elektron tablo ilə bağlı problem var. Bu da maliyyə ilə bağlıdır. Hər iki kluba bildirmişik, aradan qaldırılmasının vacib olmasını bildirmişik”.

PFL maliyyə sıxıntısını nəzərə alaraq bölgə klublarına güzəştə gedir, vaxt verir, kiminsə səxavətinə ümid edir. Amma Tovuzda və Gəncədə futbol pullu kişilərin, dövlət məmurlarının heç birinə lazım deyil. Amma tablo stadiona lazımdır. Mütləq lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti