Gəncədəki RÜSVAYÇI HALın səbəbi üzə çıxdı - VİDEO

17 Oktyabr 2022 20:40 Problem 1 154
Gəncədəki RÜSVAYÇI HALın səbəbi üzə çıxdı - VİDEO

Gəncə şəhər stadionu 4 il yarımlıq fasilədən sonra Premyer Liqa matçını qəbul etdi.

“Kəpəz” – “Neftçi” görüşünü (0:2) işıqlandırmaq üçün Bakıdan Nizami yurduna 20-yə yaxın idman jurnalisti yollanmışdı ki, arenadakı və oyundakı çatışmazlıqlar diqqətdən yayınmadı.

Qabardılması vacib ən ciddi nöqsan stadionda elektron lövlənin olmaması idi. Dördüncü hakim Rövşən Rəcəbov əvəzetmələri və hissələrə artırılan dəqiqələri göstərmək üçün lövhədən “məhrum olmuşdu”.

Belədə meydanı tərk edən və daxil olan futbolçulara xəbədarlıq şifahi üsulla Rəcəbovla baş hakim Tural Qurbanov, eləcə də klub rəsmiləri tərəfindən edilirdi. Bir sözlə, Premyer Liqa qarşılaşması bu cəhətinə görə məhəllə futbolunu xatırladırdı.

Biabırçı vəziyyət nəticəsində ortaya xeyli sual çıxdı.

1. Bu cür vəziyyətin yaranmasına kim və nə səbəb olub?

2. Elektron lövhə nasaz idisə və ya sıradan çıxmışdısa, niyə ehtiyat lövhə yox idi?

3. Peşəkar Futbol Liqasının Əsasnaməsində bununla bağlı hansı şərt və ya tələb var?

4. Məlum çatışmazlığa görə meydan sahibi klubu hansı cəza-cərimə gözləyir?

Suallara cavab tapmaq üçün PFL-in icraçı direktoru Elgiz Abbasovla əlaqə saxlamağı vacib bildik. Qurum rəsmisinin məsələ ilə bağlı rəsmi və səmimi mövqeyi bu cür oldu:

“Təftiş hərtərəfli olmuşdu. Bura tribunadan, ot örtüyündən soyunub-geyinmə otaqlarından tutmuş bütün detallar daxil idi. Məhz bunun nəticəsidir ki, ilk oyun olmasına baxmayaraq hər hansı bir böyük problem yaranmadı.

Elektron tablo məsələsinə gəldikdə, oyundan öncə hakimlər tərəfindən yoxlanılmışdı və hər şey qaydasında idi.

Sadəcə, oyun zamanı hakimə təqdim edilən zaman ehtiyatsızlıq nəticəsində əldən düşmüş və nasazlıq yaranmışdı. Aradan qaldırılmasına çalışsaq da, alınmadı. Nəticə etibarilə alternativ yollara əl atdıq və oyunun gedişinə mane olmadı.

Ehtiyat tablo Premyer Liqa üçün yararsız olduğuna görə, kluba növbəti oyuna qədər bu problemin aradan qaldırılmasının vacibliyini bildirdik.

İş varsa, problemlər də qaçılmazdır. Tablonun belə deyək sınması fors-major haldır və bu məqam hər hansı təhlükəsizlik və ya FHN məsələsi deyil ki, oyun dayandırılsın və ya təxirə düşsün.

Əlbəttə, olmamalı idi. Amma baş veribsə, artıq bu bir təcrübədir və gələcəkdə təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik”.

Bəli, ümid edək ki, növbəti oyunlarda bu cür biabırçı vəziyyətlərin yaranmayacaq və ölkə çempionatı legionerlər üçün lağlağa obyektinə çevrilməyəcək.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti