2020-ci ilin noyabrında koronavirusa yoluxan, nəticədə beyin inslutu keçirən məşqçi Qəhrəman Əliyevin sağlıq durumu ağır-sabit olaraq qalmaqdadır.
Bu haqda Sportinfo.az-a onun qardaşı Seyran Əliyev məlumat verib.
Bildirib ki, pasiyent ev şəraitində müalicə olunur. O, gündəlik həkim nəzarətindədir və tez-tez maüyinədən keçirilir:
«Qəhrəmanın vəziyyəti əvvəl necə idisə, indi də elədir. Aldığı müalicə kurslarına reaksiyası hələ də zəifdir. Günün çox hissəsini yatır, gözünü açanda isə ora-bura baxır.
Bəzən adını çəkəndə gözüylə kimisə axtarır. Yenə də ümidimiz Allahadır. Həkimlər deyir ki, gözləmək lazımdır, nəvaxtsa komadan ayıla bilər.
Dəqiq vaxtını söyləmirlər. Artıq burada həkimlik bir iş yoxdur. Onun sağalması Allahın əlindədir. Qəhrəmanın özünə gəlməsi üçün nə lazımdırsa, edirik.
İki il içində elə gün olmayıb ki, müalicəsi dayansın. Əgər bir gün dava-dərmanı olmasa, vəziyyəti pisləşər».

