Bölgə klubunu kimlər "müalicə mərkəzi"nə çevirib? – NEQATİV MƏNZƏRƏ

12 Oktyabr 2022 20:40 Problem 1 068
Bölgə klubunu kimlər "müalicə mərkəzi"nə çevirib? – NEQATİV MƏNZƏRƏ

"Kəpəz" mövsümdə 4-cü böyühesablı məğlubiyyətini "Sabah"dan aldı - 0:5.

Buna kimi isə "Neftçi" (2:5), "Qəbələ" (0:3) və "Səbail"lə (1:4) oyunlarda bölgə klubu darmadağınlar yaşamışdı.

9 tura 4 biabırçı hesablı məğlubiyyət ilk növbədə müdafiədəki ciddi problemlərdən xəbər verir. Təsəvvür edin ki, cəmi 9 görüşə qərb təmsilçisi öz qapısından 23 qol buraxıb.

Heç yerli oyunçuların ümidinə qalan "Şamaxı"da belə acınacaqlı statistika yoxdur. Amma komanda aşağı-yuxarı eyni müdafiə xətti ilə çıxışına davam edir. Çünki ehtiyatda dəyişiklik yaradacaq kimsə yoxdur.

Əslində var. Məsələn, Elvin Yunuszadə kifayət qədər təcrübəli simadır. Amma baş məşqçi onun xidmətindən istifadə edə bilmir. Uzunmüddətli zədədən qayıdan futbolçu mövsümün ilk 3 turunda 90 dəqiqə meydanda olmuşdu.

4-cü tur "Səbail"lə matçda zədələnən oyunçu erkən əvəzlənməli olmuşdu. Elvin 2 il əvvəl oxşar halla "Şamaxı"da (əvvəlki adı "Keşlə") da üzləşmişdi.

Orada səhv xatırlamıramsa uzun müddətli müalicədən qayıtdıqdan sonrakı ilk oyunda zədəsini təzələmişdi. Heç kəsə sirr deyil ki, sabiq milli üzvünün zədəsi xronikidir. Bundan sonra onun davamlı oynaması müşkül görünür. Bəlkə də elə oynaması.

Eyni vəziyyət digər mərkəz müdafiəçisi Yeqor Xvalko ilə bağlı da yaşanır.

Belaruslu müdafiəçi "Zirə" ilə birinci turunun oyununda 90 dəqiqə meydanda olmuş və oyunu ilə haqqında müsbət fikirlər formalaşdıra bilmişdi.

Amma ikinci turun "Neftçi" matçı 33-cü dəqiqədə onun üçün başa çatdı. Deyəsən, elə mövsüm də.

Çünki sonrakı 3 turda zədəsi ilə məşğul olan oyunçu yalnız 7-ci turda "Şamaxı"ya qarşı (2:1) 1 dəqiqə meydanda olub. Son iki turun görüşün isə ehtiyat skamiyadan izləyib.

Klubdan öyrənə bildik ki, 25 yaşlı legionerin də xroniki zədəsi var. Sadəcə onun transferi zamanı bu, klubdan gizlədilib. Yəqin ki, futbolçu ilə ilk fürsətdə yollar ayrılacaq.

Kiçik büdcə ilə yola çıxan klub bu kimi məqamları niyə nəzərə almayıb? Olmaya transferlərə cavabdeh şəxslər klubla müalicə mərkəzin səhv salıb?

Təbii ki, məsələdə menecer hiyləsi də ola bilər. Amma bütün hallarda zərbə "Kəpəz"ə dəyir. Komanda bilmir sonuncu yerdən qurtulmağın yolların axtarsın, yoxsa zədəlilərin müalicəsi ilə məşğul olsun.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti