UEFA-dan “ömürlük“ alan Nurlan İbrahimov yeni sahədə işə başlayacaq: “Qərar verəcəm”

9 Oktyabr 2022 22:20 Problem 2 007
UEFA-dan “ömürlük“ alan Nurlan İbrahimov yeni sahədə işə başlayacaq: “Qərar verəcəm”

UEFA “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovla bağlı mövqeyini dəyişmədi.

Avropanın futbol qurumu həmkarımızın futbol fəaliyyətinə ömürlük qadağa qoyulması ilə bağlı qərarını qüvvədə saxladı.

İndi ortaya çıxan əsas sual ömrünün 15 ilini ölkənin sevilən komandasına həsr etmiş İbrahimovun bundan sonra nə edəcəyi, hansı sahədə fəaliyyət göstərəcəyidir.

UEFA-nın qərarına əsasən, Nurlan futbol sahəsində ali qurumun lisenziyası tələb olunan vəzifədə çalışa bilməz.

Bu, klubun və futbolla bağlı federasiyaların idarəetmə strukturundakı vəzifələrə aiddir. İcraçı direktor, vitse-prezident, mətbuat katibi və sair kimi öhdəliklər UEFA tərəfindən qəbul olunmayacaq.

Amma söhbət klubda, bazada, akademiyada qurumun lisenziyası tələb olunmayan işlərdən gedirsə, İbrahimov bu işdə rahatlıqla işləyə bilər. Həmçinin özünə doğma olan media sahəsində - televiziya və ya radioda.

Digər idman növlərində istənilən vəzifəni daşımaqda da sərbəstdir.

Maraqlıdır, səbəbkar özü bu haqda nə düşünür? Yaxın gələcəklə bağlı planları nədir? Hansı sahədə çalışmağı üstün tutacaq?

Ümumiyyətlə, bu yöndə təkliflər varmı? Öz dilindən eşidək:

“Dünənə qədər yekun qərarı gözlədiyimdən, açığı, gələcək fəaliyyətimlə bağlı məsələdə bir qədər səbrli davranırdım. Az da olsa, qərarın yüngülləşdiriləcəyinə dair inamım vardı.

Amma son qərardan sonra artıq gələcəyimlə bağlı qərar verəcəyəm. Bir neçə sahədən təkliflər var.

Hazırda qərar verməsəm də, nəzərdə tutduğum planlar var ki, onun üzərində iş gedir. Yəqin ki, yaxın vaxtlarda növbəti iş yerimlə bağlı məsələyə aydınlıq gələcək”.

Nurlan İbrahimov 44 günlük Qarabağ müharibəsi dönəmində düşmən ordusunun Gəncəyə atdığı raket nəticəsində dünyasını dəyişən körpələrə görə “feysbuk” hesabında ermənilərin ünvanına sərt fikirli paylaşım etdiyi üçün UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulub. Klub isə 100 min avro cərimələnib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti