"Futbol qalıb kənarda, dilənçilik edirik" - ŞOK AÇIQLAMALAR!

29 Sentyabr 2022 01:00 Problem 934
"Futbol qalıb kənarda, dilənçilik edirik" - ŞOK AÇIQLAMALAR!

Milli komandamızın keçmiş futbolçusu və "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov sports.az-a müsahibə verib.

Sportinfo.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Slovakiya və Qazaxıstan qələbəsindən sonra bəziləri milli komandamızın baş məşqçisi Canni De Byazinin işinə davam etməsini istəyir...
- De Byazinin qalmağını istəyənlər futbola görə yox, onun qalmağının kimlərəsə sərf etdiyinə görə istəyir. O, neçə ildi Azərbaycandadı. Amma heç bir faydalı iş görməyib. Təbii ki, qalmağı düzgün addım olmaz. Bundan öncə də, müqaviləsi bitəndə demişdim ki, bunun heç bir xeyri olmayacaq. İndi bəziləri deyir zaman lazımdı, yavaş-yavaş nəticələr gələcək. Hamısı boş söhbətlərdi, italyandan təmənnası olanların fikirləridi. Məşqçinin qarşısına qrupdan çıxmaq məqsədi qoyulubsa və bunu bacarmayıbsa, əlbəttə ki, müqavilə uzadılmamalıdı. Futbolçular əziyyət çəkib, nə qazanıblar, halal xoşları. Amma heç kimə lazım olmayan 3 oyun udmusan və yekunda Qazaxıstan qrup qalibidi. Milyonlar verib xaricdən baş məşqçi gətirilirsə, hədəf ancaq qrupdan çıxmaq olmalıdı. 15 ildi xaricdən bu adla məşqçi gətirilir, amma ortada heç nə yoxdu. De Byazi qalsa, yenə dəyişən bir şey olmayacaq. Slovakiya və Qazaxıstana lazım olmayan oyunlardakı qələbələri şişirdib, uzağı uşağı aldadarsan. İtaliyalını saxlamaq çox böyük səhv olar. Futbol adamlarından De Byazinin qalmasını istəyənlər AFFA-da çalışanlar və ordan işi keçənlərdi. İşlərini itirməmək üçün məcburdurlar. Onlar millini yox, özlərini düşünürlər. Bunu uğur sayıb De Byazini saxlamaq istəyirlərsə, niyə eyni nəticəni göstərmiş yerli məşqçimiz Qurban Qurbanova vaxt verilməsini istəmədilər? Azərbaycanlı mütəxəssislərin indi bu cür hərəkətini görəndə deməyə söz tapa bilmirəm...

- Milli komandaya hansı baş məşqçi yeni nəfəs verə, uğur qazana bilər?

- Mən demişəm, deyirəm, deyəcəyəm, bu gün milli komandamıza ən layiqli namizəd Qurban Qurbanovdu. Yetərincə beynəlxalq təcrübəsi var, bütün futbolçuları yaxşı tanıyır, oyun üslubu var. Bu vəziyyətdə ən yaxşı xarici məşqçidən də Qurban Qurbanov daha doğru, uğurlu seçim olar. İkinci namizədim isə Rəşad Sadıqovdu. Artıq o da müəyyən təcrübə qazanıb, amma ən əsası nüfuzu var. Millinin məşqçisinin mütləq nüfuzu olmalıdı və futbolçular onu qəbul etməlidi. Futbolçu məşqçini istəməlidi. Yox, 3 nəfər istəyir, 2 nəfər istəmirsə, belə heç vaxt uğur qazanmaq mümkün deyil. Bu gün Qara Qarayev kimi ölkənin aparıcı futbolçularından birini küsdürüblər... ...Həyatımda Yurçeviç kimi məşqçi görməmişəm. Azərbaycanın istənilən məşqçisi ondan güclüdü. Belə birini gətirib milli komandamıza baş məşqçi qoydular. Heç kim də sorğulamır ki, bunu kim gətirdi, nəyə gətirdi?! Bu adamlardan cavab alınmalı idi ki, niyə nəticə vermədi, nə üçün gətirmişdiniz? Bunu soruşmadıqca, cavab almadıqca, belə də davam edəcək, biri gələcək, biri gedəcək. Tsikldə 3 oyun udacaq, yalandan tərif yağdırılacaq ki, əla, 2-ci yer tutduq, inkişaf var. Gözdən pərdə asıb növbəti mərhələni də yola verəcəklər. Ona görə də, gerçəkdən uğur istəyirlərsə, yerli məşqçi, konkret Qurban Qurbanovu gətirməlidilər. O imtina etsə, o zaman Rəşad Sadıqovu. Həm nüfuzuna, həm də məşqçilik qabiliyyətinə görə.

- Millinin əsas problemi məşqçi problemidimi? Yığmamız Millətlər Liqasının son turunda Qazaxıstan üzərində 3:0 hesablı qələbə qazandı. Vaxtilə millinin heyətində Qazaxıstana qarşı oynamış sabiq futbolçu kimi, komandamızın qrupda bu rəqibdən geri qalmasının səbəbini nədə görürsünüz?

- Mənə elə gəlir ki, futbol oynamamışam. Bu suala konkret cavab vermək istəyirəm. Mənim futboldan xəbərim yoxdur. Xahiş edirəm ki, bu barədə fikir öyrənmək istəyirsinizsə, AFFA-dakı şahmatçılara, parfümşop işlədənlərə, aviabilet satanlara, aktyorlara müraciət edə bilərsiniz. Çünki onlar hamısını yaxşı bilirlər.

- Cavabınız bir qədər gözlənilməz oldu...

- Futbolda çalışanların 70 faizi başqa sahələrdən gəlmələr, 30 faizi futbol adamlarıdır. Onlar da nə deyilirsə, əllərini qaldırırlar. Mənim danışmağımın nə xeyri var? Futbolumuzun hansı vəziyyətdə olduğunu hər kəs bilir. AFFA-da işləyənlərin çoxu “futbol oynamış”, “futbol biliyi olan” insanlardır. Elə onlardan soruşsanız, lap yaxşı olar.

- Bu sahədə çalışan futbola aidiyyəti olmayanlar o qədər çoxdur ki, onlarla mütəxəssis kənarda qalıb?

- Futbol adamları ilə qeyri-futbol adamları arasındakı fərq bilirsiniz hansıdır? Futbol adamının yan-yörəsində işi bilənlər olur, qeyri-futbol adamının ətrafında bu sahədən kənar adamlar cəmləşir. Futbolumuzu bu sahəyə aidiyyəti olmayanlar idarə etdiyi üçün əksəriyyət belələridir.

- Futbolumuzun illərdir inkişafdan qalmasının, milli komandalarımızın uğura həsrət olmasının tək səbəbi budur?

- Bəli, onun nəticəsidir ki, futbolumuz bu gündədir. Bunun ikinci cavabı yoxdur.

- Belə çıxır ki, ciddi islahat olmasa, bundan sonra da irəliləyiş gözləməyək?

- Hansı irəliləyişi gözləyə bilərik? Bir ildən sonra Messi, yoxsa Ronaldo çıxacaq? Hər il deyirik ki, 10 ildən sonra inkişaf görünər. Bu gün futbol kiməsə lazım olsaydı, bu işi bilənlərə qulaq asardılar, orada futbol adamı oturardı, son sözü də o deyərdi. Futbol adamlarını ora buraxmırlar, onların sözü keçərli deyil. Ona görə də futbol, milli komanda barədə danışmağın heç bir faydası yoxdur.

- Mütəxəssislərin sözünün keçərli olmadığını dediniz. Birlik olmadığınız, səsinizi çıxarmadığınız üçün siz də günahkar deyilsiniz?

- Guya deyəndə nəsə xeyri olur? Azərbaycan futbolunda birlik, sözü bir yerə qoymaq boş şeydir. Kiməsə 3-5 manat artıq verən kimi, qaçıb deyir ki, mən səninləyəm. Bunu bir kənara qoyuram. Nəyisə dəyişəcək şəxslər biz deyilik. Mütəxəssisləri sayan, onlara qulaq asan olsaydı, belə olmazdı. İnana bilmirəm ki, “Neftçi” kimi klubu idarə edən bir insan heç kimin maraq dairəsində deyil. Açığı, heç kim də mənə maraqlı deyil. Verilən tapşırıq əsasında işsiz qalmağım onlara yetərlidir. Əgər işimi bacarıramsa, məni kiminsə işlə təmin etməməsi mümkün deyil. Sadəcə olaraq, burada prinsip məsələsi var. Axıra qədər də getməyə hazıram. İşləməyəcəyəm, heç kimə də ağız açmayacağam. Hər şeyin geci-tezi var. Necə ki arada “təmizlənirlər”, vaxt gələcək, futbolda düzgün yolda olmadıqlarını görəcəklər. Bunların da hamısı “təmizləndikdən” sonra bizə iş olacaq.

- Köklü islahata ümid edirsiniz?

- Guya islahat aparırlar, üçü beşə, beşi də üçə vururlar. Rəqəmlərin yerini dəyişəndə cəm dəyişmir. Gedənləri əvəzləyənlər də eyni tipdə adamlardır. Futbolu idarə edənlər gəlib bu sahə barədə mənə nəsə deyə bilməz. Futbolumuz gülünc vəziyyətdədir. Futbol qalıb kənarda, inkişaf üçün dilənçilik edirik. Dilənçiliklə klublara baxmaq istəyirik. Belə futbol inkişaf elətdirərlər? Acınacaqlı vəziyyətdir, ayıbdır. Fondlar yaratmaq, ondan-bundan dilənmək lazım deyil. Ondansa cümə günü nəzir qutusu qoyun, deyin ki, filan klub üçün bu qədər pul yığırıq. Özlərini bir kənara qoysunlar, xaricdə olan dost-tanışlarımız belə şeyləri eşidəndə bizə gülürlər. Adam onlarla danışmağa utanır. Düşünürlər ki, klubunuzu saxlayanın avtobusu yoxdur ki, yolçuluq edib pul yığırlar? Bu durumda hansı yaxşı futbolçunu Azərbaycana gətirə bilərsiniz? Mümkün deyil. Danışmağın da xeyri yoxdur. Futbol camiəsindən uzağam, çəkilmişəm kənara.

- Heç kimlə əlaqəniz yoxdur?

- Klubların rəhbərləri, orada işləyənlər arada əlaqə saxlayırlar. Bu da işlə bağlıdır. Belə heç kimlə əlaqəm yoxdur. Amma inkişaf deyərək camaatı aldatmasınlar.

- Dediniz ki, tapşırıq əsasında işsiz qalmısınız. Kimlərdir onlar və sizinlə niyə prinsip aparsınlar?

- Çox şeylər var ki, onları deyə bilmirəm. Məsələn, “Neftçi”də çalışdığım dövrdə elə adamlar var idi ki, onların dediyini eləməmişəm.

- Məsələn, nəyi eləməmisiniz?

- “Neftçi” – “Qalatasaray” oyunu niyə “Bakcell Arena”da keçirilmədi? Mən matçın “Bakcell Arena”da olmasını istədim, lazımi adamlar isə dedilər ki, Bakı Olimpiya Stadionunda keçiriləcək. Ondan sonra məni pis adam kimi gördülər. Klubumun qələbəsi üçün hər şeyə gedərəm. Futbolda nəyisə dəyişmək istəyənlər hər şeyi reklam xatirinə edirlərsə, futbol inkişaf eləməyəcək. Əgər evdə “Qalatasaray”ı məğlub edib, mərhələ adlamaq üçün 5 faiz şansım varsa, bunu etməliyəm. Amma azarkeşin olmadığı stadionda “Neftçi” və “Qalatasaray”ın böyük bayrağı qoyulur ki, əsas odur reklam edilsin, mərhələ keçməsək də, problem deyil. Bunu qəbul edə bilmərəm. Həmin bayraqları “Bakcell Arena”da da açmaq olardı. Ən vacibi odur ki, “Bakcell Arena”da 5 faiz də olsa, mərhələ adlamaq şansımız var idi. Həmin şansı da əlimizdən aldılar. Bu hələ xırda nüansdır. Ona görə də futbol bizimkilərə lazım deyil, yalnız özlərini tanıtdırmaq, reklam eləmək deməkdir.İşi görür “Qarabağ”. Oyunu sayəsində milləti stadiona yığır, futbolu necə idarə etmək lazım olduğunu da göstərirlər. AFFA-nın nəzdində olan klubların idarəçiləri nə qədər ki, vəzifələrində qalacaqlar, həmin klublar sürünəcəklər. Necə ki, indi də sürünürlər. Futbol klubları müstəqil olmalıdır və hamısı öz beynində olan fikri deməlidir. Məsələn, yeddi nəfər əlini qaldırır, dörd nəfər durub baxır. Onlar da AFFA-nın tabeliyində olanlardır. Rəqabət olmayan yerdə inkişafdan danışmağa dəyməz. Bizdə də rəqabət yoxdur. Assosiasiyanın başında duranlar da bunun səbəbini yaxşı bilirlər.

- Ürəyiniz yaman doludur?

- Məni futboldan iyrəndiriblər. Gördüyüm yalanlar, futbol necə idarə olunur, kim kimin adamıdır, kim kimin dostudur... Neçə ildir futbolun içindəyəm, kimin harada nə elədiyini bilirəm. Bir televiziya kanalımız var, hətta onu da idarə edirlər, həftəlik proqramı ondan soruşurlar. İşin içində olduğum üçün bunları bilirəm. Ona görə də mən danışmasam, yaxşıdır.

- Futbolumuzda hələ də “daydayılıq”, kiminsə adamı olmaq keçir? Bu illər ərzində özünüzə bir “daydayı” tapa bilmədiniz?

- Mənə “daydayı” lazım deyil. Əgər biliyim varsa, ac qalmayacağam. Öz-özümün dayısıyam, ağasıyam. İstədiyim işi görürəm. İstəyirlər bir-birlərini qırsınlar, istəyirlər udsunlar, istəyirlər uduzsunlar. Ceyhunun nəyinə lazımdır? Belə etdikləri üçün də futbol olmur.

- Yaxın keçmişə qayıdaq. "Neftçi"də işinizə hansısa ciddi maneə var idi?

- Mənim üçün maneə yox idi. Amma bəyəndiyimiz futbolçunu gətirmək istəyəndə maliyyə tapılmırdı, gətirə bilmirdik. Buna da maneə demək olmaz. Sadəcə, maddi cəhətdən imkan çatmırdı.

- "Neftçi"dən getməyinizə nə səbəb oldu?

- İlk növbədə "Qarabağ"a 0:6 uduzmağımız. Füzuli Məmmədovu mən tövsiyyə etmişdim. Məmmədovla yollar ayrıldıqdan sonra mənə “qalıb işləyə bilərsən” dedilər. Amma elə insanam ki, mənim üçün ya "işlə", ya da "işləmə" sözü qəbuldu. Buna görə "Neftçi"dən getməyə qərar verdim. Füzuli Məmmədovu "Neftçi"yə baş məşqçi təyin etmək mənim səhvim idi. Çünki o, təcrübəyə malik deyildi. Bir az püxtələşsə və təcrübə yığsa, bəlkə də, çalışa bilərdi. Amma həmin an üçün tez idi. Orda yanlışlığa yol verdim. Bununla belə, Məmmədovun yaxşı məşqçi olduğuna şübhəm yoxdu.

- Kamran Quliyevlə eyni məktəbdə oxumusunuz. Futbol adamı olmadığını və bir neçə il sizinlə bərabər çalışdığını nəzər alsaq, bu sahədə ona hansısa köməyiniz dəyibmi?

- Bəli, eyni məktəbdə oxumuşuq və uşaqlıqdan tanışıq. Futbola gələndə bu sahədə təcrübəsiz idi. İndi mən desəm ki, kömək etmişəm, düz çıxmaz. Amma hər halda bir yerdə çalışanda mənim də hansısa rolum olub. Səhvləri olanda demişəm. Kamran Quliyev savadlı insandı. Amma futbol tərəfindən savadı, təcrübəsi az olsa da, işlədiyi dönəmdə özünü inkişaf etdirməyə çalışır.

- Uşaqlıqdan tanıdığınız, futbolda ilk addımlarından yanında olduğunuz Quliyevlə "Neftçi"yə bir gəldiz, tək getdiz...

- Biri var ki, komanda şəklində işi görürsən və komanda şəklində bir kluba gəlirsən, bir yerdə də ayrılırsan. Bu, onun şəxsi işidi. Belə düşünürdü, belə oldu. Mən ona heç nə demirəm. Sadəcə, komanda ola bilmədik...

- Uşaqlıq dostunuz olan "Neftçi"nin hazırki prezidenti və heç kimin ağlına gəlməsə də, bu kluba baş məşqçi gətirdiyiniz keçmiş komanda yoldanışızla əlaqəniz qalır?

- Kamran Quliyevlə əlaqə saxlamıram. Füzuli Məmmədovla da üç-beş ayda bir dəfə hansısa bayramda təbrikləşərik. Onunla da elə çox əlaqəm yoxdu.

- Kamran Quliyevlə və Füzuli Məmmədovla yenidən bir yerdə işləyərsinizmi?

- Açığı deyəcəm, Kamran Quliyevlə bundan sonra heç vaxt bir yerdə işləmərəm! Füzuli Məmmədov məşqçidi, yollarımız bəlkə də kəsişə bilər. Amma düşünürəm ki, onunla da bir komandada işləyə bilmərəm.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"