AFFA: “Bu, bizdən asılı məsələ deyil, öz istəyinə uyğun seçimini edib”

24 Sentyabr 2022 21:20 Problem 1 043
AFFA: “Bu, bizdən asılı məsələ deyil, öz istəyinə uyğun seçimini edib”

Trnavada Slovakiyanı məğlub edən Azərbaycan seçməsi sentyabrın 25-də qrupun sonuncu görüşündə “Dalğa Arena”da Qazaxıstan millisini qəbul edəcək.

AFFA-nın saytında jurnalistlər üçün oyundan bir gün əvvəl baş tutacaq mətbuat konfransları və açıq məşqlərlə bağlı xəbər yerləşdirilib.

Qazaxıstan milli komandası
Saat 17:30. Mətbuat konfransı (Hilton hotel)
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (BOS)

Azərbaycan milli komandası
Saat 20:00. Mətbuat konfransı (“Dalğa Arena”)
Saat 20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Olduqca qəribə mənzərədir. Deməli, 3 saatı əhatə edəcək proqramda 3 fərqli məkan göstərilib.

Qazaxıstan yığmasının baş məşqçisinin kameralar önündə nə deyəcəyini bilmək istəyən jurnalistlər 17:30-da “Hilton”a getməli, rəqibin məşqində nələrin yaşandığını görmək üçün bundan yarım saat sonra özünü Bakı Olimpias Stadionuna çatdırmalı (ki, bu, mümkün deyil), 2 saat sonra Mərdəkanda olmalıdır.

Bu cür əndrəbadi proqramın kim tərəfindən və hansı məqsədlə hazırlanması sual doğurmaya bilməz.

Oyun “Dalğa Arena”da keçiriləcəksə, rəqibin baş məşqçisinin mətbuat konfransı və açıq məşqi niyə başqa məkanda baş tutmalıdır? Jurnalistlər hansı səbəbdən rəqibin açıq məşqini izləməkdən məhrum olmalıdır?

Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayanda məlum oldu ki...:

“Bu, bizdən asılı məsələ deyil. Qazaxıstan millisi öz istəyinə uyğun seçimini edib. Milli komandaların mətbuat konfransı və açıq məşqlərin vaxtı, eləcə də məkanı ilə bağlı seçim səlahiyyəti var ki, seçimləri bu cür olub”.

Sentyabrın 25-də “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti