Hafiz Məmmədov yanıb-yaxıldı: "Buranı əlimdən alırlar, alsınlar, ancaq…"

23 İyun 2022 13:00 Problem 1 571
Hafiz Məmmədov yanıb-yaxıldı: "Buranı əlimdən alırlar, alsınlar, ancaq…"

Tanınmış futbol meneceri Erkin İbrahimov sosial şəbəkə hesabında Hafiz Məmmədovun keçmiş klubu "Bakı" və onun dağıdılmış bazası haqda fikirlərini yazıb.

O, Məmmədovun onmilyonlarla manata başa gəlmiş və sonradan yaşayış binaları tikmək üçün yerlə-yeksan edilmiş, əsasən uşaqların yetişdirilməsi üçün nəzərdə tutulmuş müasir baza haqda danışanda ah çəkdiyini qeyd edib.

Sitat: "Yas mərasimində iştirak etdim. "Bakı" klubunun vitse-prezidenti, tarix üzrə fəlsəfə doktorun Nail Əliyevin anası rəhmətə gedib.

Nail bəy futbolda da sözünü demiş, çox dəyərli bir ziyalımızdır. Allah rəhmət eləsin, Nail bəy anasına çox bağlı idi.

Elə oldu ki, Hafiz Məmmədov ilə yanaşı əyləşdim. Allah yardımçısı olsun, adamın ürəyi dolu idi. "Kaş ki, klubumuz yaşayardı, gənclərimizi "Atletiko"ya, "Lans"a göndərməyə davam edərdik, sonucda Azərbaycan futbolu adına gözəl işlər görərdik" söylədi.

Klub bazasının sökülməsi urəyində dərin iz buraxıb.

"Bazanı əlimdən alırlar, alsınlar. Ancaq baza təyinat üzrə istifadə olunmalı idi, onu söküb yerində binalar tikilməsini heç cür qəbul edə bilmirəm" dedi və ah çəkdi. Çox şeylərdən danışdı, hamısını olduğu kimi yazmaq olmur.

Sözüm onda deyil. Hafiz Məmmədov içəri daxil olanda, hamı ayaq üstə qaldı, hamı başına toplaşdı. Hafiz bəy imkanı olanda hamıya kömək edirdi, kimisə əliboş salmırdı.

Ondan qat-qat imkanlı oliqarxlar Hafiz Məmmədovun gördüyü xeyirxah əməllərinin 5 faizini belə, görməyiblər. İnsana bu dünyada qalan da məhz onun xeyirxah əməlləridir.

Adamın səhvləri da olub, bunu danmır. Arzu edirəm ki, bundan sonra həyatında hər şey istədiyi kimi olsun. Sağollaşanda da, özünə dedim ki, haqq hər zaman qalib gəlir.

Həyatınızda insanlara o qədər yaxşılıq etdiz, o qədər adamın əlindən tutduz ki... Etdiyiniz yaxşılıqlar mütləq bir gün qarşınıza çıxar, Hafiz bəy!".

Erkin İbrahimovun yazdığı fikirlərə iki jurnalist münasibət bildirib.

Sənan Abdullayev: "Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir kişi məni tanıyıb futboldan, "Bakı"dan danışdı. Dedi ki, bir müddət orada işləmişəm, o adama bu günə kimi dua edirəm. Çörək verib mənim kimi adamlara. Bizim dualarımız onu tutulmağa qoymadı. Belələrini görəndə təəssüflənməyə bilmirsən. Kaş ki, səhvlərinin, heç olmasa, 10 faizini Hafiz Məmmədov vaxtında görməyi bacaraydı. Amma heç 1 faizini də hiss etmədi. Çox heyf".

Sərxan Musalı: "Hafiz bəyi görsəydim, "Lans" layihəsinin fiaskonun başlanğıcı olduğunu söylərdim. Axı bir azərbaycanlının harasına yaraşır Fransada klub almaq? Öz problemlərimiz həll olmuşdu? Güllük-gülüstanlıq idi ki, Fransa klubunu ağ günə çıxarırdı? "Lans"a ayırdığı pulla "Bakı" üçün, ölkə futbolu üçün nələr etmək olmazdı ki? Məsələn, 15-20 minlik stadion tikib, daha yüksək standartlara cavab verən baza tikmək olardı. Marketinq fəaliyyətini təkmilləşdirmək, daha da böyük klub olmaq üçün işgüzar əməkdaşların, işçi heyətinin sayını artırmaq olardı. "Lans" sonun başlanğıcı oldu".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"