"Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyir”

17 İyun 2022 13:50 Problem 712
"Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyir”

“Qarabağda yenidənqurma işlərinə xərclərin hamısının dövlət tərəfindən çəkilməsi, zənnimcə, doğru deyil. Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O vurğulayıb ki, Qarabağda gözəl quruculuq işləri gedir, lakin işğaldan azad olunan ərazilərin miqyası böyükdür: “Bu miqyasda ərazini dövlətin öz gücü ilə etməsi uzun zaman çəkə bilər. Həm də bu, doğru deyil. Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərləri salsın. Kəndlərin tikintisi layihələndirilsin və imkanlı köçkünlər Qarabağın məskunlaşmasına cəlb edilsin. Aidiyyəti qurum layihələrin həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin, biznes obyektlərin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qarabağın məskunlaşmasına cəlb olunsun. İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar”.

Razi Nurullayev qeyd edib ki, dövlət yalnız infrastruktur layihələri həyata keçirməlidir: “Tikinti materialları bazarı yaratsın, Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçirilməsi üçün iş adamlarına kredit versin, şərait yaratsın. Dövlət tikinti materiallarının münasib qiymətə istehsal və satışına kömək etsin. Bunu etsək, inanıram ki, üç il ərzində Qarabağı əsasən məskunlaşdıra bilərik. Mən aidiyyəti qurumlara müraciət edirəm ki, əgər belə planlar varsa, Milli Məclisin deputatlarını da məlumatlandırsınlar. Fikir deyilə bilər ki, cənab Prezident icazəsiz bir daşın daş üstünə qoyulmamasını tapşırıb və bunu dəstəkləyirəm. Elə Bakı və ətrafının xaosu gözümüz önündədir. Necə gəldi yox, ancaq və ancaq planlı təsdiq olunmuş layihələr üzrə tikinti olsun. Mən də bunu təklif edirəm. Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxslərə özlərinə, qohum-əqrəbasına ev tikməyə imkan verilsin. Təbii ki, çalışaq ki, bunlar birinci evləri olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti