«Xəzər Lənkəran»ın sahibi və fəxri prezidenti Mübariz Mənsimovla qardaşı Mais Mənsimov arasında münasibətlər gərginləşib.
Problem «Xəzər Lənkəran» Mərkəzi Stadionu ilə bağlıdır.
Məsələ ondadır ki, Mais Mənsimov prezidenti olduğu kluba məxsus arenanı özəlləşdirib. O, bunu Türkiyədə yaşayan iş adamından xəbərsiz edib.
Demə ki, kiçik qardaş fəxri prezidentin Türkiyədə həbsdə olduğu 1 ildə stadionu öz adına keçirib və ona məxsus əmlakı satmağa başlayıb.
Ötən müddət ərzində istər baza, istərsə də kompleksin mülkiyyətindəki əksər əşyalar dəyər-dəyməzinə satılıb. Bir sözlə, burada lələ löçüb, yurdu qalıb.
Mübariz Mənsimov qardaşından etdiyi yanlışı düzəltməsini, stadionu klubun balansına qaytarmasını tələb edib. O, narahatdır ki, Mais Mənsimov idman qurğusunun özünü, yəni, ərazisini də satacaq.
«Xəzər Lənkəran» Mərkəzi Stadionu bu mövsüm «Xan Lənkəran»ın istifadəsində olub. Region Liqasında mübarizə aparan klub arenanın xidmətindən yararlanmağın müqabilində hər ay pul ödəyib.
Amma bu, rəsmi icarə müqaviləsində əksini tapmayıb. «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov icarə müqaviləsinin bağlanmasına israrla təkid eləsə də, Mais Mənsimov vəsaitin nəqd şəkildə verilməsini istəyib, rəsmiləşmənin aparılmasından yayınıb.
Daha sonra məlum olub ki, o, stadionu iranlı iş adamlarının yaratdığı «Alyans»FK-ya icarəyə verib.
SPORTİNFO.AZ

