Azərbaycan futbolunun inkişafından danışan hər kəs bunun bölgələrdən başlamalı olduğunu önə çəkir.
Hamının bir ağızdan dilə gətirdiyi ilk adlar isə Gəncə, Tovuz, Lənkəran, Yevlax, İmişli, Qusar kimi bölgələrimizdir.
Amma zaman-zaman rastlaşdığımız hadisələr göstərir ki, bu ölkədə adı futbolla yanaşı çəkilməyən regionlarda belə idmanın bu oyun növünə maraq, həvəs yetəri qədər var.
Məsələn, Zərdab rayonu kimi. Yəqin ki, mənim kimi əksəriyyət etiraf edər ki, futbol camiəsində bu bölgənin adı demək olar heç kəs tərəfindən çəkilmir. Amma yerli futbolsevərlər bunun doğru olmadığını əməldə sübut ediblər.
Belə ki, bu yaxınlarda rayon çempionatı başa çatıb. Final matçı penaltilər seriyasına kimi uzanıb.
Belədə hava qaralınca penaltilər seriyası telefon və və polis maşınlarının işığında baş tutub. Diqqət çəkən mənzərə sosial şəbəkələrdə də böyük marağa səbəb olub.
Bu görüntü bir daha sübut edir ki, futbol bölgələrə danşınarsa və inkişafı üçün azacıq işıq salınarsa, bundan ölkə futbolu böyük faydalar görmüş olar.
Yetər ki, telefon işığına möhtac olan bölgələrimizə projektorlar apara bilək. Amma AFFA-nın monopoliyasında olmayan projektorlar olsun.
XANOĞLAN İMANOV

