Kəlbəcərdə nə baş verir: “Sərhədlər tanınmayınca, bu, davam edəcək”

15 Yanvar 2022 02:10 Problem 482
Kəlbəcərdə nə baş verir: “Sərhədlər tanınmayınca, bu, davam edəcək”

Yanvarın 11-dən Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlıları tərəfindən hərbi vəziyyətin gərginləşdirilməsi nəticəsində hərbi qulluqçumuz şəhid olub.

Hal-hazırda bölgədə qarşı tərəfin susdurulması üçün Müdafiə Nazirliyi tərəfindən adekvat tədbirlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib və bildirilib ki, hazırda əməliyyat şəraiti Azərbaycan silahlı bölmələrinin nəzarəti altındadır.

Məsələ ilə bağlı bizimyol.info saytına danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası başa çatdırılmadığından və sərhədlər qarşılıqlı olaraq tanınmadığından, sərhəd bölgəsində atəşkəsin pozulması halı istənilən zaman baş verə bilər:

Elxan Şıxəliyev

Elxan Şıxəliyev

“Sərhədboyu ərazilər hər iki tərəfdən də tanınmamış bölgələr sayılır. Burda əsasən, Laçın-Kəlbəcər ərazisindən söhbət gedir. Sərhədlərin delimitasiya və demarkasiyası başa çatdırılmayıb. Beləliklə də atəşkəsin pozulması halı hər an baş verə bilər. Xüsusən də sülh sazişinin bağlanmaması səbəbindən baş verə bilər. Əgər sülh yoxdursa, silahlar hər an açıla bilər. Bildiyiniz kimi, Qazaxıstanda bəzi hadisələr baş verib, xüsusən də KTMT-nin sülhməramlı qüvvələrinin ordakı fəaliyyəti və ora Ermənistan hərbçilərinin də cəlb edilməsilə, Ermənistan Silahlı Qüvvələri bu hadisənin eyforiyasına qapılmış ola bilərlər. Ola bilsin, buna görə də atəşkəsin pozulmasını bu məsələ üzərindən provakasiya etsinlər. Xüsusən də orda indiki halda bizim postlarımız çox yaxın məsafələrdə yerləşir. Yəni snayper silahının atış məsafəsi yaxınlığında belə postlarımız var. Görünür, növbəti mərhələdə atəşkəsin pozulması ilə Ermənistan mesaj vermək istəyir. Mesaj da bundan ibarətdir: “Biz istənilən halda, istənilən yerdə bu kimi provakasiyalar, lokal konfliktlər yarada bilərik.

Əgər yarada bilərlərsə, deməli? bunlar kiməsə arxalanırlar. İstənilən halda KTMT-nin üzvü olmaq məsələsinə arxalandıqları üçün düşünürlər ki, növbəti mərhələdə bu lokal konflikt regional konfliktə çevrilər. Umduqları odur ki, KTMT-nin silahlı qüvvələri bunlara dəstək çıxacaq. Əslində bu, sərhəd bölgəmizdə baş verən konfliktin alt niyyətlərindən biri ola bilər.

Atəşkəsin pozulması nəticəsində əgər biz tərəfdən itki varsa, bizim silahlı qüvvələr də bu itkilərin qarşılığını Ermənistana vermə haqqında tapşırıq alıb, icra edirlər. Atəşkəs necə baş verir: itki varsa, qarşılığında itki verdirilir və bir müddətdən sonra Ermənistan o bölgəyə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığından dəvət edirlər. Halbuki, o sərhəd bölgəsində onların fəaliyyəti nəzərdə tutulmayıb. Həmin müvəqqəti yerləşdirilən sülhməramlı hərbi kontingentin komandanlığından gəlib, provakasiyanın kim tərəfindən edildiyi koordinasiya edildikdən sonra səngimə baş verir. Bütün bunlar da Ermənistan tərəfinin provakasiya meyilliliyindən irəli gəlir. Çünki sülh deyirik, anlamırlar, delimitasiya-demarkasiya deyirik, anlamırlar. Başlarına zərbə enəndə, anlayırlar. Onların anlayacığı dil budur. Ona görə də mən düşünürəm ki, nə etsələr belə, bizim üçün itkilər məqbul sayılmaz, amma qarşılığını həm itkilər baxımından, həm mövqelər baxımından, həm orda ərazi-nəzarət baxımından onlar itirə-itirə gedirlər. Sonuncu əməliyyat şəraiti isə hər zaman bizim bölmələrimizin nəzarəti altında olur, güc üstünlüyü bizdədir. Ona görə də mən bu lokal konfliktin böyük, regional konfliktə çevriləcəyini düşünmürəm. Ona görə ki, arxalarında bunu davam etdirə biləcək bir güc yoxdur. Onların əllərində bu gün bizim silahlı qüvvələrimizdə olan silahlar, döyüş hazırlığı, idarəetmə olsaydı, onda bizimlə başqa cür davranardılar. Ancaq arzularına uyğun gələn, məqsədlərini həyata keçirməyə çalışan həmin güc əllərində olmadığından, kiçik provokativ hərəkətlərə yol verirlər və cavablarını da hər zaman alırlar. Bəs bu hadisələr nə zaman sona çatacaq? O zaman ki, masaya oturulacaq, sülh müqaviləsi imzalanacaq və sərhədlər tanınacaq, sərhəd strukturları yaranacaq, ondan sonra bu hadisələr səngiyəcək. Əks təqdirdə, bir neçə həftədən, aydan sonra bu kimi davamlı konfliktlərə hazır olmalıyıq. Amma istənilən provokativ, təxribatçı hərəkətlərə Azərbaycan Ordusu tərəfindən artıqlaması ilə qarşılıq veriləcək. Onlar məğlub durumda ola-ola bu kimi hərkətlərə gedirlərsə, biz də qalib bir ordu kimi öz üstümüzə düşəni necə lazımdır, edəcəyik. Bölmələrin hamısına cavab tapşırıqları verilib. Atəş yoxdursa, atəş açılmayacaq. Yox əgər atəş açılsa, cavabı bir neçə qat olacaq. Bu tapşırıqlar yuxarı rəhbərlik tərəfindən verilib və hər zaman da icra olunacaq”,– deyə, hərbi ekspert bildirib.

Digər Xəbərlər
Xəbər Lenti