“Rəşad Sadıqovla intriqa aparırlar, onu və komandasını sıxırlar”

14 Oktyabr 20:20 Problem 558
“Rəşad Sadıqovla intriqa aparırlar, onu və komandasını sıxırlar”

“Bu gün kim Rəşad Sadıqovun komandasına gedirsə, milliyə çağırılmır”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a veteran futbolçu Zaur Ramazanov “Zirə”dən heç bir futbolçunun Azərbaycan millisinin son toplanışına dəvət almamasına münasibət bildirərkən deyib.

Yığmamızın sabiq üzvü hazırda paytaxt təmsilçisində çıxış edən qardaşı Ağabala Ramazanovun diqqətdən kənarda qalmasını da məhz bununla əlaqələndirib.

Ramazanovun fikrincə, bütün bunlar AFFA-nın “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla intriqa aparmaq cəhdidir:

“Ağabala “Zirə”yə getməzdən əvvəl həmişə milliyə çağırılıb. Düzdür, indi ora layiq olub-olmadığını deyə bilmərəm. Çünki zədədən sonra formasını bərpa etməyə çalışır.

Ancaq yaxşı durumda olanda da çağırılmadı. Maraqlıdır ki, həmin problemlər klubunu dəyişəndən sonra başladı.

Bu vəziyyət təkcə Ağabala ilə bağlı deyil. Təmkin Xəlilzadə, Coşqun Diniyev də son toplanışa dəvət olunmadı. Halbuki indiyə qədər daim çağırılıblar.

Çox açıq şəkildə görünür ki, Rəşad Sadıqovla intriqa aparırlar. Rəşadı U-21 yığmasının baş məşqçi postundan çıxardılar ki, işindən məmnun deyilik. O da “Zirə”də iş ortaya qoyur, sübut edir ki, millidə qalmalı idi”.

45 yaşlı mütəxəssis hesab edir ki, Premyer Liqa matçlarında hakimlərin “Zirə”nin əleyhinə verdiyi yanlış qərarlarda əsas məqsəd Rəşad Sadıqovu sıxmaqdır:

“Hakim səhvləri olmasaydı, “Zirə” ötən mövsüm avrokuboklara gedərdi. Ancaq hakimlik komandanı gətirib bu duruma saldı.

Elə bu mövsüm də “Zirə”nin əleyhinə verilən qərarları görürük. Bu, ötən il olub, bundan sonra da olacaq. Hakimlərin sifarişli şəkildə bunu etdiklərini deyə bilmərəm.

Amma göz qabağındadır ki, Rəşadı, onun komandasını sıxırlar. Yəqin ki, çox adam mənim bu fikrimlə razılaşar”.

Bu mövsüm hakim səhvlərindən ən çox şikayətlənən klub məhz “Zirə”dir. Qəsəbə komandasının baş məşqçisi Rəşad Sadıqov tez-tez mətbuat konfranslarında hakim səhvlərindən gileylənir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 09:00 Eh, qızlar… FOTOLAR