Qorxan gözə çöp də düşər, başqa şey də.
Göz ki qorxdu, day qurtardı – istənilən ən pis ssenari qapıdan içəri keçəcək.
Canni De Byazi naşı domino həvəskarıdır. Fikri gedir ora-bura, hər şeyi qatıb-qarışdırır. Guya, bərabərsəviyyəli iki heyəti var əlində, birilərini İrlandiya və Portuqliya ilə oyunlara saxlayır.
Lüksemburq bizim bu qrupda xal ala biləcəyimiz yeganə rəqibdir. Yerli komanda yeni stadionun açılışını ilk hissədə vurduğu qollarla «yudu». İlk 30 dəqiqədə fırtına kimi əsib, istəyin hesabına iki dəfə fərqləndilər.
Onlara bu şəraiti De Byazi yaratdı. Start heyətinə elə futbolçuları daxil etmişdi ki… Əşşi, Əli Qurbanidə nə görüb axı?
Hücumçudur o? Oynayar e, Premyer Liqada, «Sumqayıt»ın bir küncündə. Day, millidə, özü də ilk «11-lik»də yox da!
Heç Höccət Haqverdinin yeridir?
Azər Salahlı hara, millinin formasını geyinmək, özü də əsas heyətdə şans qazanmaq hara!
Şahruddin Məhəmmədəliyevin ilk qoldakı səhvi, Abbas Hüseynovun penaltiyə səbəb olması çox qabardılır nədənsə. Amma «Şah»ın oyunun sonrakı bölümlərindəki qurtarışları, əvvəlki turlarda sıraladığı seyvlər unudulub gedilir.
Rəqibin ayağını tapdalamasını Abbasa irad tutanlar, gəl ki, De Byazinin qorxaq yanaşmasının Lüksembruqda necə ruh yüksəkliyi yaratması faktının üstündən sükutla keçirlər. Belə olarmı heç?
4-2-3-1 – bu, italyan baş məşqçinin ilk dəqiqə taktikası idi. Mahir Emreli və Namiq Ələsgərov kimi cinah yarımmüdafiəçiləri var ikən, İsmayıl İbrahimlini sağ qanadda oynatmaq üçün ya başına hava gəlməlidir, ya da avantürist olmalıdır.
İsmayılın yeri birinci və ikinci zona arasındadır, onu «Qarabağ»da həmişə o yerdə görmüşük.
Əlbəttə, İsmayılla Abbası eyni cinaha çəkəndə, rəqib zəif nöqtəni tapmağa gec qalmayacaq. Bu mənada, ev sahiblərinin hər iki qolu həmin qanaddan təşkil olunan hücumun davamında vurması təsadüfi deyil.
Filip Ozobiçi hücumun arxasında oynadırsansa, ondan arxada «qara fəhlə» yerləşdirməlisən, irəlidə isə texnikalı birini.
Əli Qurbanidə boş-boş qaçmaqdan və rəqib müdafiəçilərə arxadan sürüşmə fəndi işlətməkdən savayı nə görmək olar axı? Hara qaçır, niyə qaçıır, özü də bilmir heç.
Başını aşağı salıb, hara gəldi qaçr. Deyəsən, De Byazini onu sonra özüylə at yarışlarına aparmaq niyyətindədir, indidən hazırlaşdıırır.
Nə vaxt futbol oynamağa başladıq? Fasilədən bir az keçdi, əvəzetmədən meydana daxil olanlar yaşıl «çim»in havasını ciyərlərinə çəkəndən sonra.
Baş məşqçi yanlış taktika və oyunçu seçimlərini düzəldincə, daha «diri» futbol ixlədik. Yaş sözünü deyir, deyəsən. 65 yaşlı De Byazi Millətlər Liqasını DÇ-2022-nin seçmə mərhələsinə qurban verdi ki, eksperment edirəm, futbolçuları tanımaq, müxtəlif taktiki sxemləri yoxlamaq istəyirəm.
Hanıı bəs nəticəsi? Ölkədə nə qədər futbolçu, futbolda nə qədər taktiki sxem var ki, bu qocanın «fokus»ları qurtarmır?
1 il bir igidin ömrüdür, De Byazi hələ də hoqqa verir, özündən Amerika açır, sonra da günahı futbolçuların üstünə atır, onları istəksizlikdə suçlayır.
Mətbuat konfransıında bu şeylərdən danış, sonra da paltardəyişmə otağına qayıt, komandadan növbəti turlar üçün qələbə istə – bu yerdə nə səmimiyyət, nə mehribanlıq, nə birlik, nə zad… Heç biri olmaz.
Öz xətalarını oyunçularıın üzərinə yıxan baş məşqçini kim veçər? Kim onun üçün bir də meydanda can qoyar?
De Byazinin son halı mənə suda batmaq üzrə olan meymunun məsələsini yada salır.
O ki həmin anda balasını ayağının altına uzadır e… Bax, həmin vəziyyətdir indi.
KAMİL

