Azərbaycanda ölümün kritik yaş həddi: hər 2 kişidən biri, hər 100 qadından 30-u...

2 May 2021 18:10 Problem 1 050
Azərbaycanda ölümün kritik yaş həddi: hər 2 kişidən biri, hər 100 qadından 30-u...

Bu günlərdə iqtisadçı-ekspert Rövşən Ağayev ölkə ictimaiyyətinin diqqətini cəlb edən və kifayət qədər təşvişə səbəb olan statistika açıqlayıb.

Ekspertin Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilər əsasında apardığı hesablama nəticəsində məlum olub ki, Azərbaycanda 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41 faizi 65 yaşa qədər baş verib.

Onun sözlərinə görə, erkən (əmək qabiliyyətli yaşda) ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir: “Ən son statistikaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18 faizi 65 yaşa qədər, 82 faizi 65 yaşdan sonra baş verir. Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58 faizdən 38 faizə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb”. Ekspert bildirib ki, qadın və kişilər üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqlidir: "1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68 faizdən 47 faizə ensə də, 2019-cu ildə 50 faizə yüksəlib. Yəni vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir.

Qadınlar üzrə nəticə belədir: 1990-2005-c illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46 faizdən 29 faizə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30 faiz təşkil edib. Yəni hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu, kişilər üzrə göstəricidən az qala 2 dəfə yüksəkdir".

Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ən çox ölüm sayı qan dövranı sisteminin xəstəliklərindən olub - cəmi 55916 ölümdən 32471-i. Sonrakı yerdə 8819 ölümlə yenitörəmələr - xərçəng xəstəliyi gəlir. Üçüncü yerdə isə həzm sistemi xəstəlikləridir - 2687, dördüncü yerdə olan tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı isə 1854 nəfərdir. Acınacaqlı haldır ki, ölüm səbəbləri arasında yenitörəmələrin payı durmadan artır. Digər xəstəliklər müəyyən illərdə az, digərlərində çox olmaqla fərqlidir. Amma yenitörəmələrdə davamlı artım dinamikası var.

Azərbaycanda ölüm sayı pik səviyyədədir" - HƏYƏCAN TƏBİLİ - Sonxeber.net

65 yaşa qədər - yəni əmək qabiliyyətli insanlar arasında ölüm faizinin belə yüksək olmasının səbəbi nədir? Tanınmış həkim Vasif İsmayıl hesab edir ki, burada əsas amil səhiyyə xidmətlərinin əlçatan olmamasıdır: “Azərbaycanda həqiqətən də gənc yaşlarda insanların ölüm faizi mədəni ölkələrə nisbətən yüksəkdir. Düşünürəm ki, burada əsas səbəb səhiyyə xidmətlərinin əlçatan olmamasıdır - yəni insanların maddi imkanları vaxtında keyfiyyətli səhiyyə xidməti əldə etmələri üçün yetərli deyil. Bu səbəbdən insanlar zəruri tibbi müayinəni, müalicəni, dərman preparatlarını əldə edə bilmirlər. Digər bir səbəb vətəndaşların xəstəliklər barədə məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Ən adi şəkər dərmanlarının, aparatların istifadə qaydalarını yaxşı bilmirlər, yaxud ilkin əlamətləri görə bilmirlər. Yaxud zəruri dərmanlardan müntəzəm istifadə etmirlər. Bu isə xəstəliyin ağırlaşmasına gətirib çıxarır”.

Həkimin fikrincə, gənc ölümlərin səbəbləri sırasında Azərbaycanda dərman vasitələrinin keyfiyyətsizliyi də mühüm rol oynayır: “Bu, faktdır ki, Azərbaycanda bir çox dərman vasitələrinin keyfiyyəti aşağıdır. Bu da xəstəliklərin müalicəsində gözlənilən effekti əldə etməyə imkan vermir. Nəticədə də gənc yaşda ölüm sayı artır”.

R.Ağayev bildirir ki, Azərbaycan əhalisinin 7,2 faizi 65 və yuxarı yaşda insanlardır: “Bölgələr üzrə mənzərə fərqlidir. Həmin göstərici Tərtər üzrə 12 faiz, Gədəbəy üzrə 9 faiz ətrafındadır. Gəncə, Bakı, Qazax, Naftalan, Kəlbəcər üzrə 8-9 faiz intervalında dəyişir.

Ən aşağı göstərici Abşeron (3.5 faiz), Yardımlı (5 faiz), Cəlilabad (5,1 faiz), və Neftçalada (5,2 faiz) qeydə alınıb. Yaşlı əhalinin payına adətən 2 amil təsir edir. Bu amillərdən biri ölkədə yüksək təbii artım səbəbindən aşağı yaş qrupundan əhalinin daha yüksək çəki qazanmasıdır. Digər amil isə əhalinin 65 yaşdan sonrakı orta ömür müddətinin aşağı olması ilə bağlıdır. Yaşlı əhalinin xüsusi çəkisi əsasən ölkənin Aran rayonlarında və cənub bögəsində aşağıdır - 5-6 faiz intervalında".

Ekspert qeyd edir ki, Azərbaycanda ölüm statistikasından üzə çıxan bu problem indiyədək ölkədəki tədqiqat institutlarının diqqətini cəlb etməyib: “Mən bu məlumatı alternativ tədqiqat nəticəsində deyil, rəsmi statistika əsasında üzə çıxarmışam. Bu, hər kəsin əli çatan bir mənbədəndir. Tədqiqat institutlarının borcu statistik göstəricilər əsasında tədqiqatlar aparıb, problemləri vaxtında üzə çıxarmaqdır. Bu məsələ bütün ölkəni fövqəladə dərəcədə düşündürəsi məsələdir və onu tədqiqat institutları vaxtında ortaya çıxarıb SOS verməliydilər, səbəbləri müəyyənləşdirməliydilər. Səbəblər isə kompleksdir: həm tibbi, həm sosialoji, həm də iqtisadi səbəblər var. Tibbi amillər genişdir - təkcə zəruri infrastrukturun olmaması, tibbi xidmətin keyfiyyəti deyil, psixoloji yardımın vəziyyəti də bura daxildir. Həkim dostların dediklərindən aydın olur ki, bir çox xəstəliklərin, xüsusilə bəzi daxili xəstəliklərin meydana gəlməsi, inkişaf etməsi insanların psixoloji durumu ilə çox əlaqəlidir. Uzun müddət psixoloji sarsıntı şəraitində yaşayan insanlarda belə xəstəliklərə daha çox rast gəlinir. Ona görə də düşünürəm ki, qiymətləndirmə kompleks olmalıdır. Amma əlbəttə, birinci amil tibbi amildir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda tibbi infrastruktur qeyri-bərabər paylanıb, bölgələrdə bu sahədə vəziyyət çox acınacaqlıdır: “İnfrastruktur şaxələnməyib, əksər hallarda insanlar normal müayinə almaq üçün Bakı, Sumqayıt şəhərlərinə gəlməli olurlar ki, bu da hər kəsin imkanları daxilində olmur. Bu baxımdan, 65 yaşa qədər insanlar arasında ölüm hallarının artmasının səbəbləri sırasında iqtisadi-sosial amillər ikinci yerdə gəlir. Burada birinci yerdə iş problemi gəlir. Diqqət yetirmisinizsə, 65 yaşa qədər ölüm halları kişilər arasında qadınlardan xeyli yüksəkdir. Bunun da əsas səbəbi odur ki, mentalitetimizdən irəli gələrək ailə başçısı sayılan kişilər daha çox işləməli olurlar. Ailənin yükü çiyinlərində olur, daim həm fiziki, həm psixoloji ağırlıq daşıyırlar. Azərbaycanda qeyri-formal iş yerlərinin sayı qeydiyyata düşənlərdən çox olaraq qalmaqdadır. Hətta bir neçə il əvvəldən vergilər sistemində aparılan islahatlar belə bu göstəricini əhəmiyyətli şəkildə azalda bilmədi. Belə görünür ki, qeyri-formal məşğulluğa vergi sisteminin də təsiri yetərincə deyilmiş.

İş yerlərinin çoxu qeyri-formal olduğu üçün onlarda əmək şəraitinə nəzarət də yoxdur: insanlar bəzi hallarda zərərli əmək şəraiti olan yerlərdə günün 13-14 saatını işləyirlər. Rəsmi iş yerlərində dövlət orqanları bunu tənzimləyirlər, zərərli işlərdə iş saatı qısa olur, yaxud orqanizmə mənfi təsirin qarşısını almaq üçün müəyyən qidalar verilir. Qeyri-formal iş yerlərində bunların heç biri edilmir. Onlarda işləyən insanlar - daha çox kişilər ağır iş şərtləri üzündən daha çox xəstəliklərə tutulurlar. Təəssüf ki, statistika ölümün bölgələr üzrə yaş strukturunu açıqlamır, açıqlansa, əminəm ki, Aran iqtisadi rayonu öndə gedər. Çünki bu bölgədə ağır və zərərli iş yerlərinin sayı daha çoxdur".

Hökumət bu statistikadan hansı nəticələr çxarıb, müvafiq addımlar atmalıdır? Aydın məsələdir ki, qısa müddətə bu problemi aradan qaldırmaq mümkün deyil. R.Ağayevin fikrincə, hökumət ilk öncə statistikadan başlamalıdır: “Mən qeyd etdim ki, rəsmi statistika ölümün bölgələr üzrə yaş strukturunu açıqlamır. İlk növbədə demoqarfik statistika təkmilləşdirilməli, şəffaflığı artırılmalıdır. Çünki açıqlanan statistik məlumat nə qədər geniş, hərtərəfli olsa, problemləri bir o qədər vaxtında aşkarlamaq, onların qarşısını almaq üçün addımlar atmaq rahat olar. Hökumətin görməli olduğu ikinci mühüm iş tibbi xidmətin əlçatanlığının təmin olunması, keyfiyyətinin yüksəldilməsi olmalıdır. İcbari tibbi sığortanın tətbiqi bu qədər uzadılmamalıydı. İndi icrasına başlayıblar, amma proses ləng gedir. Üstəlik, mütəxəssislər bir çox zəruri tibbi xidmətlərin baza zərfinə daxil edilməməsindən narazılıq edirlər. Bir sıra androloji, həmçinin onkoloji xəstəliklərin müalicəsi belə xidmətlərdəndir. Hökumət bu prosesə başlayıbsa, ən yaxşı dünya təcrübəsinə əsaslanmaqla daha əhatəli paket təklif etməli və prosesi sürətlə aparmalıdır. İkinci məsələ tibbi infrastrukturla bağlıdır. Bir misal deyim, mən icbari tibbi sığortaya keçidlə bağlı ölkədə mövcud olan tibbi müayinə infrastrukturunun vəziyyətini qiymətləndirmək istəyirdim. Məsələn, ölkədə hər yüz min nəfərə neçə UZİ, neçə rentgen aparatı və sair düşməsini, bunların rayonlar üzrə bölgüsünü öyrənməyə çalışdım. Məlum oldu ki, bu göstərici heç yerdə yoxdur. Halbuki dünyanın bütün ölkələrində bu göstəriciləri açıqlayırlar. Hökumət bu sahədə məlumatları əlçatan etməlidir, hazır baza yoxdursa, qısa müddətə inventarlaşdırma aparılıb, cəmiyyətə, əhaliyə məlumat verilməlidir. Eyni zamanda harada problem varsa, dövlət onu həll etməlidir”.

Ekspert vurğulayır ki, dövlət ölkədə qeyri-formal məşğulluğu aradan qaldırmaq üçün geniş bir işçi qrupu yaratmalıdır: “İşçi qrupuna həm xarici, həm yerli mütəxəssislər cəlb olunmalı, qeyri-formal məşğulluğun aradan qaldırılması üçün ciddi proqram hazırlanmalı və həyata keçirilməlidir. Qeyri-formal məşğulluq adətən ağır fiziki əməyin olduğu, əmək keyfiyyətinin aşağı olduğu ölkələrdə yüksək inkişaf edir. Buna görə də hökumət əməyin keyfiyyətini artırmalı, bunun üçünsə rəqabətli iqtisadiyyat yaratmalıdır. Nəhayət, tədqiqat institutlarının inkişafına diqqət yetirilməlidir. Bu gün demoqrafiya sahəsi ən az tədqiq olunan sahələrdən biridir. Bu sahədə normal tədqiqatlar aparan institutlar yaradılmalıdır. Vətəndaş cəmiyyətlərini də bu prosesə stimullaşdırmaq lazımdır ki, ölüm hallarını hər bir fakt üzrə araşdırsınlar, səbəbləri, təsir edən amilləri üzə çıxarsınlar. Əlbəttə, bütün bunlar qısa müddətə həyata keçiriləcək tədbirlər deyil, amma bundan artıq vaxt itirmək də olmaz”.

Dünya SAKİT

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti