“Qarabağ”ı əmin-arxayın edən kimlərdir?

14 Fevral 2020 10:10 Premyerliqa 1 308
“Qarabağ”ı əmin-arxayın edən kimlərdir?

Azərbaycan Premyer Liqasında 17-ci tura fevralın 15-də start veriləcək. Turunun qarşılaşmaları 2 gün ərzində keçiriləcək.

Onlar xal itirdikcə...

Öncə meydana “Zirə” ilə “Qarabağ” çıxacaq. “Qarabağ” fasilədən sonra hələ də öz oyununu tapa bilmir. Hiss olunur ki, komandanın yarımmüdafiə xətti ilə hücum xətti arasından əlaqə istənilən səviyyədə deyil. “Zirə” isə fasilədən sonra iki fərqli oyun keçirib. Amma “Sabah” qarşılaşma parlaq alındısa, “Sumqayıt”la oyunda eyforiyanın yaratdığı intizamsızlıq diqqət çəkdi.
Əgər “Qarabağ”ın oyun keyfiyyətində artım olsa, onda “Zirə”nin bu qarşılaşmada heç bir şansı yoxdur. Amma “köhlən atlar”ın da bu tezliklə istənilən səviyyəyə yüksələcəyini güman etmirik. Yəqin ki, xətlərarası əlaqənin istənilən səviyyədə olması üçün hələ 2-3 tur lazım gələcək. Üstəlik, “Qarabağ”da arxayınlıq da var. Özü də bu arxayınlığı yaradan da izləyiciləridir. Onlar xal itirdikcə, “Qarabağ” da əmin-arxayın çempionluğa doğru irəliləyir.

Statistika nə deyir?

“Zirə” indiyədək rəqibinə qalib gəlməyib. “Qarabağ” ardıcıl 5 səfər matçında qələbə qazanıb.
“Zirə” – “Qarabağ” – 18 oyun, 5 heç-heçə, 13 məğlubiyyət, top fərqi 8-37.

“Sabah”ı n necə inkişaf etdiyi bu qarşılaşmada bəlli olacaq

Günün digər qarşılaşmasında “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Nəhayət, “Sabah” yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəni qazandı. Üstəlik, 3 qolla. Amma bu o demək deyil ki, “Sabah”da hər şey qaydasındadır. “Qəbələ” ilə oyunda “tələbələr”in xüsusuən də müdafiə xəttində xeyli boşluqlar buraxdığı sezildi. “Qəbələ”li futbolçular onların bu səhvlərinin ən azı yarısından yaralansaydılar, məğlub olmazdılar. “Sumqayıt” isə “Qəbələ” deyil. Ayxan Abasovun komandası fasilədən sonra əla təsir bağışlayır. Bax, “Sabah”ı n necə inkişaf etdiyi məhz bu qarşılaşmada bəlli olacaq. “Tələbələr” “Sumqayıt”a qalib gəlsələr, iştahalarını da artıra bilərlər.

Statistika nə deyir?
“Sabah” 3 matçdır xal qazanmır, 4 oyundur qalib gəlmir. “Sumqayıt”ın ev qarşılaşmalarının hamısında bir qol vurulub.
“Sumqayıt” - “Sabah” – 6 oyun, 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 10-4.

Yenə də yanıla bilərsiniz

İkinci oyun günüdə əvvəlcə “Səbail” – “Qəbələ” qarşılaşmasını izləyəcəyik. Ötən turun afişanda “Keşlə” – “Səbail “ oyunu ilə bağlı şərhimizdə vurğulamışdıq ki, “Qarabağ”dan savayı digər komandalar eyni səviyyədə olduqları üçün “Keşlə”nin favorit olduğunu düşünmürük. Elə də ldu. Çoxları gözləməsə də, “Səbail” “Keşlə”ni məğlub etdi. İndi yəqin ki, çoxları “Qəbələ” ilə oyunda “Səbail”i favorit hesab edir. Yenə də yanıla bilərsiniz. Komandaların demək olar ki, bərabər səviyyəli olduğunu nəzərdən qaçırmayın.

Statistika nə deyir?

“Qəbələ” 4 oyundur meydanı qolsuz tərk etmir. “Səbail” son 4 ev matçında uduzmayıb.
“Səbail” – “Qəbələ” – 10 oyun, 2 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət, top fərqi 9-18.

“Neftçi”nin potensialı budur ki, bu

Turun son qarşılaşmasında “Neftçi” “Keşlə”ni qəbul edəcək. “Ağ-qaralar” “Qarabağ”dan ona görə bir xal ala bildilər ki, “köhlən atlar” olduqca zəif təsir bağışladı. Güman etmirik ki, “Keşlə” “Neftçi” ilə oyunda elə zəif nəzərə çarpsın. “Ağ-qaralar”ın isə oyun keyfiyyətinin bundan daha artıq olacağını da güman etmirik. “Neftçi”nin potensialı budur ki, bu. Tərlan Əhmədov düzgün taktika qura bilsə, “Neftçi” ilə qarşılaşmada 3 xal cibindədir.

Statistika nə deyir?

“Neftçi” iki oyundur qalib gəlmir. “Keşlə” son üç səfər matçında qol vurmayıb.
“Neftçi” – “Keşlə” – 61 oyun, 31 qələbə, 15 heç-heçə, 15 məğlubiyyət, top fərqi 91-60.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda