Premyer Liqada son illərin ən “bardaq” mövsümü - Belə özbaşınalıq olar?

20:40 Premyerliqa 153
Premyer Liqada son illərin ən “bardaq” mövsümü - Belə özbaşınalıq olar?

Son illərin ən maraqlı çempionatı...

Gözəl səslənir, gözəl də təqdim edilir.

Amma bu cür şirin nağıla 2017-ci ildə doğulan körpə uşaqları yatızdırmaq olar.

Hələ 10 yaşı olmamış...

Bizi yox! Gözümüz açıqdır.

Hətta bağlı olsa da hiss edə bilirik ki, son illərin ən gözəl yox, ən bardaq çempionatı keçirildi.

Bütün idman prinsipləri ayaq altına atıldı.

Reqlament, əsasnamə yox, klubların istəyi şah oldu.

"Neftçi" razılaşmadığı halda "Qarabağ"la oyun təxirə salındı.

Liqanın başlamasına saatlar qalmış "İmişli" Qubada keçirməli olduğu ev oyununu Şamaxıya dəyişdi.

"Kəpəz" rəqiblərini qəbul etməyə Qəbələdə başladı, Yevlaxda davam etdi, Sumqayıtda nöqtə qoyacaq.

"Turan Tovuz" mövsümə Suraxanıda başladı, Sumqayıtda davam etdi. Arada fasilə ilə iki dəfə Tovuza dəyib-qayıtdı. İndi də qurtara-qurtarda Masazırda yerləşən "Bank Respublika Arena"ya üz tutub.

"Araz-Naxçıvan" yola Mərdəkanda yerləşən "Bona Dea Arena"da start verdi. Ardınca Masazırdakı "Bank Respublika Arena"da rəqiblərini qəbul etdi. Naxçıvanlılar da sonluğu Sumqayıtla gətirdi. Özü də öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda ev sahibi oldu, ardınca da "SOCAR Polmyer Arena"da ev sahibi qismində meydana çıxdı.

Qısası, kim kimi harda tutursa, orda da oyun keçirir.

Elə bil Azərbaycan Premyer Liqası yox, hansısa məhəllələr arası yarışdı.

Lap uşaqlıq illərim yadıma düşdü.

Hansı komandanın topu olurdusa, oyun oyunun məhəlləsində keçirilirdi. Hansı komandada sözü keçən olurdusa, oyun onun məhəlləsində keçirilirdi.

20 il əvvəl məhəllələrdə belə idi, indi məhəllələrdə keçirilən turnirlərdə belə hamının öncədən agah olduğu, əməl etdiyi qaydalar var.

Amma bizim ölkənin ən peşəkar futbol liqasında saydıqlarımız yoxdur.

Harda qaldı idman prinsipləri? Harda qaldı çempionatın əsasnaməsi? Axı orda yazılıb ki, bir mövsümdə 2 fərqli meydanda ev oyunu keçirməyə icazə var. Niyə "Turan Tovuz", "Araz Naxçıvan" 4 stadionun xidmətindən istifadə edir?

A kişi, dörd e, dörd.

Az qala hər dövrəyə iki stadion eləsin.

Niyə "Kəpəz" Qəbələdə, Yevlaxda, Sumqayıtda ev sahibi olur? Olmaya bölgə klubu Gəncədən başqa istənilən şəhərdə oynamaq lüksuna sahibdir?

Mövsümün əvvəli biz də qeyd edirdik ki, klub sayı artırıldığı üçün bəzi nöqsanlara göz yummaq olar.

Keçid dövrüdür. Daha demədik ki, betərin betəri olsun.

Heç 1992-ci ildə müharibə dövründə 26 komanda ilə keçirilən Azərbaycan çempionatı belə bardaq olmayıb.

Bəylər, yavaşlayaq bir az.

Liqamıza, futbolumuza, azarkeşlərimizə hörmət edək.

Əgər hörmətli olmaq istəyiriksə...

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti