"Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda meydanda əməlli-başlı döyüşkən futbol sərgiləyirdi. Rəqibi də tam təhlil etmişdik. Futbolçularımızı oyuna qələbə üçün kökləmişdik. Onlar bunu etmək üçün çox mübarizə apardı. Bir qol oyunun taleyini həll etdi. Oyunun gedişatında sistem dəyişiklik edib, hesabı bərabərləşdirib, sonra da qələbə üçün əvəzetmələr etdik. Amma "Turan Tovuz"un müdafiə xətti çox yaxşıdır. Çalışdıq ki, rəqibə səhv etsin. Bir qol epizodumuz oldu, onu da reallaşdıra bilmədik. Uduzduq. Artıq söz deyə bilmirəm. Hər futbolçuya təşəkkür edirəm. "Turan Tovuz"u təbrik edirəm, avrokuboklarda onlara uğurlar arzulayıram".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 31-ci turunun “Turan Tovuz”la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Komandada potensial görürsüz ki, I Liqadan yenidən yüksək liqaya vəsiqə qazanasınız?
- İnfrastruktur baxımından növbəti mövsümün sonunda Premyer Liqaya qayıtması üçün hər bir şərait var. Komandanın heyətində də potensiallı futbolçular var. Premyer Liqaya yenidən geri qayıtmaq istəyiriksə, yaxşı komanda qurmalıyıq. Bunun üçün çempionat bitdikdən sonra rəhbərliklə danışıqlarımız olacaq. Yaxşı komanda qurub yenidən Premyer Liqaya geri qayıda bilərik.
- Hansı məqama daha çox təəssüfləndiniz?
- Çox oyunlarımız oldu ki, qələbə də qazana bilərdik. Uşaq səhvlərindən qollar buraxmışıq. Çox məqamlar var. Oyunları bir-bir saya da bilərəm, hamısı xatirimdədir. İtirdiyimiz xallar oldu. Onlar bizə hava-su kimi lazım idi. Səfərdə "Turan Tovuz"a qalib gəlmək çətindir. Amma evdə qələbə qazana biləcəyimiz oyunlar az deyildi.

