Futbol bayramına "Neftçi" necə kölgə saldı? - Tarixi derbidən seçmələr

19:00 Premyerliqa 135
Futbol bayramına "Neftçi" necə kölgə saldı? - Tarixi derbidən seçmələr

"Neftçi"nin "Qarabağ" önündə 5 illik qələbə həsrətinə son qoyacağı gözlənilirdi.

Səbəblər də nə qədər desəz!

Çempionlar Liqasında tarix yazan əzəli rəqib daxili yarışlarda özünə bənzəmir. Çempionluq böyük ölçüdə əldən çıxıb, ölkə kubokunda mübarizə başa çatıb.

Elvin Cəfərquliyev kimi əsas heyət üzvü əvəzedici komandaya göndərilib. Kevin Medina, Marko Yankoviç, Montiel, Andrade başda olmaqla bütün kollektivdə bir eniş yaşanır.

Ən əsası, "Neftçi"dən fərqli olaraq "Qarabağ" 4 gün əvvəl "Sabah"la ağır oyun keçirmiş, 60 dəqiqə meydanda azlıqda qalmaqla böyük güc itirmişdi.

Əvəzində "ağ qaralar" Yuri Vernidubun gəlişindən sonra kifayət qədər yaxşı nəticələrlə yadda qalır. Oyunun ilk 8 dəqiqəsi də "ağ qaralar"ın qələbəsindən xəbər verirdi. 3 dəqiqədə 3 qol imkanı sıradan hadisə deyil. Öncə Ribeyro başla qapını dəqiq nişan ala bilmədi. Ardınca Koxalski yaxşı seyvlə yadda qaldı. Emin Mahmudovun zərbəsi qapıdan bur qədər aralı düşdü. Buna yaxşı da yox, əla start demək olardı. Amma oyunun axarının əksinə olaraq qonaqlar fərqləndi. Gözəl qurulan hücumu Musa Qurbanlı tamamladı. Sanki "Neftçi" üçün matç bu dəqiqədə bitdi. Mübariz ruhu öldü. Futbolçular meydanda gəzməyə, 90 dəqiqənin bitməsini gözləməyə başladı. Kollektivə bir inamsızlıq çökdü. Düzdü, 21-ci dəqiqədə Elvin Bədəlov bərabərlik qolunu vura bildi. "Neftçi" bundan başqa heç nə ilə yadda qalmadı. Günün ən bərbad adamı İqor Ribeyro idi. "Araz-Naxçıvan"dakı çıxışı ilə adından söz etdirən braziliyalı "Neftçi"də heç cür ümidləri doğrulda bilmir. Buraxılan 5 qoldan 4-də onun səhvi vardı. İki halda Musa Qurbanlını nəzarətsiz qoydusa, Addai onu uşaq kimi aldadıb 5-ci qolu vurdu. Leandro Andrade fərqləndiyi epizodda isə 29 yaşlı legionerin nə işə baxdığını, nəyi gözlədiyini çətin kimsə başa düşsün.

Montielin zərbəsi zamanı da Ribeyronun topa ayaq qoymaması anlaşılan deyildi. Ümumiyyətlə Yuri Vernidub sanki komandasını oyuna lazım olan qədər hazırlaya bilməmişdi. "Qarabağ" əlahiddə nəsə etmədi, sadəcə "Neftçi" çox asan təslim oldu. Matç Vernidubun "Qarabağ" önündə ilk sınağı idi. Bəlkə də təcrübəsizlik edib açıq futbola getdi. Qarşılıqlı hücumlar gözlədiyimiz halda, layiqli mübarizə belə görmədik. Onun komandası nə hücumda kəsərli ola bildi, nə də müdafiədə. Görüş gələcək üçün yaxşı dərslik sayıla bilər. Məhz bu oyunda Andrey Ştoqrin, Mustafa Sek, İqor Ribeyro kimilərin böyük hədəflər üçün işə yaramadığı aşkar göründü. Kadi Borqesin zərbəsi xaric başqa heç nə ilə yadda qalmayan Kenan Piriç də burada çox qala bilməz. Siyahını uzatmaq olar.

Beləcə "Neftçi"nin bu mövsüm iddialı rəqiblər önündə qələbə sindromu davam edir. Xüsusilə "Turan Tovuz" və "Qarabağ"a son məğlubiyyətlər həyəcan siqnalı kimi qəbul edilməlidir. Hər iki görüşdə "Neftçi" meydanda çox zəif təsir bağışladı. Yuri Vernidub artıq ağrı rəqiblər qarşısında da öz ağırlığını qoymalıdır. Əks halda, tədricən ona olan güvən sarsılacaq. Avrokuboklar şansı davam edir, amma bu cür oyundan sonra gözləntilər bir xeyli azaldı.

Masazırda Rəvan Həmzəzadənin qərarları ilə ölkə kubokunun finalından olan "Qarabağ" proqnozların əksinə əzəli rəqibi önünə çox istəkli çıxdı. Camilo Duranın ehtiyatda qaldığı görüşün adamı Musa Qurbanlı oldu. Start heyətində yer alan hücumçu 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı. Həftələrdi dediyimiz dəyişiklik bu dəfə reallaşdı. Bədavi Hüseynov start heyətində yer alınca Mateus Silva özünə doğma mövqe olan sağ cinaha düşmüşdü. Matç göstərdi ki, braziliyalı müdafiəçi cinahda çox effektivdir. Müəyyən texniki səhvləri oldu. Bunu da ənənəvi mövqeyindən həftələrdi uzaq düşməsinə bağlamaq olar. Silvanın özgüvənli olması, ikili mübarizələrdə rahat toplar qazanması, hücumlara çəkinmədən qoşulması sağ cinahı əməlli-başlı aktiv hala gətirmişdi. Belədə Leandro Andrade ilə Montielin də əl-qolu daha geniş açılmışdı. 7 oyunluq aradan sonra start heyətində yer alan Bədavi meydanın ən yaxşılarından idi. Kapitan bir neçə kritik müdaxiləsi ilə yadda qaldı. Arxadan hücumların qurulmasında vacib rol oynadı. Məsələn, birinci qolun başlanğıc fazasında Zubirə ideal ötürməsi gözdən qaçmadı. Yaşı 35 olmasa, meydandakı performansına görə tərəddüd etmədən günü bu gün 3 illik yeni anlaşma imzalamaq olar. Tandem təşl etdiyi Kevin Medina müsbət mənada yadda qaldığı epizodlar az olmadı. Amma yenə buraxılan qolda onun birbaşa günahı vardı. Eyni hal qış fasiləsindən sonra ənənə halına çevrilib. Ayrlığı gözlənilən Kolumbiyalı özünə bənzəmir.

"Neftçi" meydanda rəqibinə uduzsa da tribunası barədə bunu demək olmaz. Hər iki tərəfin azarkeş qrupları 90 dəqiqə susmadı. Bu mövsüm hakim idarəçiliyi çox danışılır. Fanatlar da vəhdət yaradaraq referilərin ünvanına şüar səsələndirməyi unutmadılar. Hakimlərdən söz düşmüşkən Tural Qurbanov ideal oyun idarə etdi. Demək ki, istəyəndə bunu bacarmaq mümkündür. Tural başda olmaqla əksər həkimlərimizin bacarığı buna imkan verir. Qalır vicdanla idarə etmək. Onda udan da razı qalar, uduzan da.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti