“Qarabağ” 17 aydır ki... Və o an yetişdi!

16:05 Premyerliqa 158
“Qarabağ” 17 aydır ki... Və o an yetişdi!

Həftələrdir gözlədiyimiz an yetişdi.

Bu gün tarixi arenada – Tofiq Bəhramov adına Respublika stadionunda çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Sabah” münasibətlərinə aydınlıq gətirəcək.

Dünənə qədər bir ayağı Çempionlar Liqasında olan Ağdam təmsilçisi artıq hər iki ayağını vətən torpaqlarına basıb, daxildəki vəziyyətlə yaxından tanış olmağa hazırdır.

Məhz bu matçdan başlayaraq yayda ölkəmizi növbəti dəfə Çempionlar Liqasında təmsil etməyi hədəf seçən “köhlən atlar”ın əsl gücünü görəcək, “Qarabağ”, yoxsa “Sabah” sualına böyük ölçüdə cavab tapacağıq.

“Tələbələr” isə bura qədər gəlib çıxmasının təsadüf olmadığını göstərməklə yanaşı, “qızıl” uğrunda mübarizədən asanlıqla çəkilməyəcəyini sübut etməyə çalışacaq.

Hazırkı vəziyyətdə Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 1 oyun artıq keçirməklə Qurban Qurbanovun komandasını 7 xal qabaqlayır. Bu, sıradan göstərici deyil. “Qarabağ”ın Premyer Liqada sonuncu dəfə nə vaxtsa hansısa rəqibindən bu qədər geri qaldığını xatırlamaq çətindir.

“Sabah” bu axşam Respublika stadionunu qalib qismində tərk edəcəyi təqdirdə, xal fərqi 10-a yüksələcək ki, çempionun adına böyük ölçüdə aydınlıq gələcək. Düzdür, komandaların öz aralarında daha 1 oyun var. Ancaq Masazırı təmsil edən kollektivin bu qədər xal fərqinin aradan qalxmasına imkan verəcəyi inandırıcı deyil.

İlk dövrənin oyununda “tələbələr”in “köhlən atlar”ın üzərində 2:1 hesablı qələbəsi, ötən mövsüm Azərbaycan kubokunda “Sabah”ın əsas vaxta əlavə oluinmuş dəqiqələrdə vurduğu qolla qənimətə sahib olması “Qarabağ” üçün ciddi həyəcan siqnalı sayılmalıdır.

Ümumiyyətlə, ağdamlılar 2024-cü ilin sentyabrın 29-dan bu yana, yəni son 17 ayda baş tutan 5 oyunun heç birində (4-ü Premyer Liqada, 1-i ölkə kubokunda) masazırlıları uda bilməyib – 2 məğlubiyyət, 3 heç-heçə.

Odur ki, bu gün keçiriləcək oyun hər iki komanda üçün ciddi əhəmiyyət daşıyır.

Meydanın bir tərəfində sərgildəiyi futbolla ictimaiyyətin alqışını qazanan “Sabah”, digər tərəfində beynəlxalq arenalardakı uğurları ilə adı dillər əzbəri olan təcrübəli “Qarabağ” dayanacaq.

Bazar günüdür, matçın başlama saatı uyğundur (19:00), hava şəraitini də futbol həyəcanı ilə isitmək olar.

Bircə qalır Respublika stadionunun tribunalarını doldurmaqla turun, hətta mövsümün mərkəzi qarşılaşmasına əlavə rəng qatmaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti