Misli Premyer Liqasının 22-ci turunda çempionluğa iki iddiaçı “Sabah” və “Qarabağ” üz-üzə gələcək.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş qızıl medalların sahibini müəyyənləşdirmək baxımından böyük rol oynaya bilər.
Ehtiyatında bir oyunu olan “Qarabağ” hazırda liderdən 7 xal geri qalır. “Sabah” səfər matçında qələbə qazansa, minimum 7 xallıq fərq yaranacaq. Bu isə son dövrə öncəsi ciddi üstünlükdür.
29-cu duel öncəsi “Qarabağ” böyük üstünlüyə malikdir. 15 dəfə qalib gələn ağdamlılar cəmi 3 oyunda meydanı məğlub tərk ediblər.
Maraqlıdır ki, “Sabah” hər üç qalibiyyəti evdə əldə edib. Yəni 2018-ci ildən yaranan rəqabətdə “Qarabağ” 14 ev matçının heç birində rəqibinə uduzmayıb – 8 qələbə, 6 heç-heçə.
Ancaq digər tərəfdən “Sabah” son 4 qarşılaşmada rəqibinə yenilməyib. Son matçda evdə minimal fərqlə (2:1) qalib gələn qəsəbə təmsilçisi ondan əvvəlki 3 qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edib.
Daha bir maraqlı məqam isə son 8 oyunda hər iki komandanın qol vurmasıdır. “Qarabağ” rəqibi üzərində 3 dəfə böyükhesablı qələbə qazanıb. Bunun birində 5:1, birində 4:0, birində isə 3:0 hesabı qeydə alınıb.
Martın 1-də keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 19:00-da başlayacaq.

