Premyer Liqanın 22-ci turunun mərkəzi qarşılaşması bu gün axşam baş tutacaq.
Son çempion "Qarabağ" lider "Sabah"ı qəbul edəcək.
Matçdan öncə Ağdam klubunun veteran futbolçusu Aslan Kərimov Sportinfo.az-a açıqlama verib.
Futbol mütəxəssisi tərəflərin şanslarını dəyərləndirib, gözləntilərini bizimlə bölüşüb:
"Hamımızın gözlədiyi gərgin və həlledici oyunlardan biridir. Bunun əsas səbəbi "Sabah"ın hazırda "Qarabağ"dan 4 xal öndə olmasıdır.
Əgər bu oyunda da "Qarabağ"ı büdrədə bilsə "Sabah" çempionluq yolunda böyük addım atmış olacaq. Amma məğlub olduğu halda "Qarabağ" fərqi birə endirmiş olacaq. Bu da ciddi təhlükə deməkdir. Bir xal fərqi heç nədir.
Nəzərə alaq ki, "Qarabağ" bundan sonra düşüncəsini daxili oyunlara yönəldəcək. Bu da gərginliyin sona qədər gedəcəyi deməkdir. Yekun nəticə çempionluğa təsir edəcək.
Hər iki tərəfin üstün və zəif tərəfləri var. Məsələn, "Qarabağ" üç gün əvvəl ağır "Nyukasl" səfərindən qayıdıb. Yoğun fonda oynamaq məcburiyyətindədir. Oyunçular üçün ağır olacaq.
Digər tərəfdən "Qarabağ" çox təcrübəlidir. Belə qrafiklərə öyrəşib. Hə, "Neftçi" ilə matç keçirilsəydi bu dəfə meydanda "Qarabağ"ı görə bilməyəcəkdik. Çox çətin olacaqdı. Demək olar fiziki baxımdan oynaya bilməyəcəkdilər.
"Qarabağ"ın hücum xətti çox iti oynamağı bacarır. Bunu Çempionlar Liqasında göstəriblər. İstənilən kiçik səhvi bağışlamaya bilər. "Sabah"ın müdafiə xətti buna hazır olmalıdır.
Amma müdafiə baxımından "Qarabağ"ın ciddi problemləri olduğu Çempionlar Liqasında göründü. Çox güman ki, dominant tərəf "Qarabağ" olacaq. Düşünmürəm ki, "Nyukasl"la matçdakı kimi "beşli" müdafiə ilə meydana çıxsınlar.
Daha çox "Sabah"ı müdafiədə oturmağa məcbur edəcəklər. Bunu nə qədər bacaracaqlarını mental olaraq necə hazır olmaları rol oynayacaq. Kimin qələbəyə nə qədər yaxın olduğunu demək çətindir.
Amma oyunçu keyfiyyəti və nəticələri "Qarabağ"ın xeyrinədir. İndiki vəziyyətdə "Sabah" da əvvəlki "Sabah" deyil. Yaxşı formadadırlar. Şansları 50/50-yə görürəm. "Qarabağ" Çempionlar Liqasındakı ideal 11-liyi ilə meydana çıxacağı halda nisbətən daha şansı tərəf kimi görünə bilər".
XANOĞLAN

