Görünən odur ki, "Karvan-Yevlax" mövsümün sonu liqanı tərk edəcək.
İdman baxımından sezonu uğursuz hesab etmək olar.
Verilən yalnış qərarlar sonda gətirib bu vəziyyətə çıxardı.
Məsələn, heyəti bir məşqçi, əvəzetmələri başqa məşqçi edəndə başqa necə olmalıydı?
Və ya faktiki sənədlərdə sənin baş məşqçin olan birini normal yola salmadan, başqa birinə qapını açmaq da peşəkarlıqdan çox uzaq idi. Futbol belə şeyləri bağışlamır.
Amma aran təmsilçisinə bir də stəkanın dolu tərəfindən baxaq.
"Turan Tovuz"un, "Kəpəz"in, "Araz-Naxçıvan"ın, "İmişli"nin doğma azarkeşlərindən uzaq, yad meydanlarda ev oyunlarını keçirdiyi bir vaxtda "Karvan-Yevlax" rəqiblərini doğma arenada qəbul edir.
Düzdü, bu komanda da mövsümə Şamaxıda start vermişdi.
Qısa müddətdə Yevlax şəhər stadionu Premyer Liqa matçlarını qəbul etmək səviyyəsinə gətirildi.
Meydana döşənən süni örtük barədə neqativ fikirlər ola bilər. Hər halda Quba Olimpiya Kompleksinin meydançasından pis deyil.
Daha yaxşı vəziyyətə gətirilməsi də mümkündür.
Stadionunun ərazisində yataqxana kompleksi tikilib.
Futbolçuların qalması üçün otaqlar, qidalanması üçün mətbəx və digər inzibati otaqlar burada yer alır.
Ehtiyat meydançanın təmirini start verilib.
Akademiya binasında da işlər aparılır.
Bir sözlə, ən çox tənqid edilən bölgə klubunda görülən müsbət işlər də az deyil.
Hətta "Şamaxı", "İmişli", "Araz-Naxçıvan" kimi klublara nümunə sayıla bilər.
"Şirlər" bir işıqlandırma sistemini həll etməkdə acizdir.
Premyer Liqadan düşmək dünyanın sonu deyil. Sabah yenidən qayıda bilərsən.
Problem dövlətin dotasiyasını yalnız əsas komandaya xərcləyib, infrastrukturla bağlı bir iş görməməkdir.
Bu baxımdan "Karvan-Yevlax" çoxuna nümunə sayıla bilər.
Bu gün Yevlax şəhər stadionunda yaradılan şərait sabah futbolumuza qalacaq, fayda verəcək. Hətta klub region liqasında olsa belə.
Dövlət dotasiyasısının mahiyyəti də bundan ibarətdir.
Daha sizin başa düşdüyünüz kimi, milyonlar yararsız legionerlərə xərcləmək üçün nəzərdə tutulmayıb!
XANOĞLAN İMANOV

