“Gələn mövsüm Azərbaycanı Çempionlar Liqasında məhz bu komanda təmsil etsin”

02:10 Premyerliqa 138
“Gələn mövsüm Azərbaycanı Çempionlar Liqasında məhz bu komanda təmsil etsin”

"Bu mövsüm Azərbaycan Premyer Liqasında real rəqabət mühiti formalaşıb".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq kapitanı Maksim Medvedev deyib.

O AZƏRTAC-a açıqlamasında bildirib ki, əvvəlki illərlə müqayisədə çempionat daha gərgin və çətin keçir:

“Məsələn, əvvəllər “Qarabağ” həm daxili çempionatda, həm də avrokuboklarda paralel mübarizə apara bilirdi. İndi isə ölkə çempionatında digər klublar da güclənib.

Artıq heç bir oyun asan deyil və xal itkiləri qaçılmaz olur. Misal üçün, “Qarabağ” 17-ci turda “Kəpəz” ilə matçda 0:2 hesablı məğlubiyyət yaşadı.

Halbuki kağız üzərində belə nəticə gözlənilmirdi. Sıx qrafik və yorğunluq da təsir göstərir”.

Maksim Medvedev sabiq komandasının çempionluq şanslarını yüksək qiymətləndirib:

“Qarşıda hələ çox qarşılaşma var. Mən komandaya inanıram və əminəm ki, lider “Sabah”la mövcud xal fərqini azaldacaq və yenidən liderliyə yüksələcək.

Arzum budur ki, gələn mövsüm də Azərbaycanı Çempionlar Liqasında məhz “Qarabağ” təmsil etsin”.

Veteran müdafiəçi qeyd edib ki, başqa komanda çempion olacağı təqdirdə, Çempionlar Liqasında daha güclü rəqiblərlə qarşılaşacaq və bu zaman ciddi suallar yaranacaq:

“Həmin komanda ilk mərhələni keçə biləcəkmi, yoxsa yox? Bu da reallıqdır.

Amma biz hər zaman ədalətli və idman prinsiplərinə əsaslanan mübarizənin tərəfində olmuşuq. Mövsüm boyu kim daha sabit, daha hazırlıqlı və daha güclü çıxış edirsə, çempion da o olmalıdır.

Çempionluq təsadüf nəticəsində qazanılmır. Bu gün “Qarabağ” elə bir səviyyədədir ki, hətta 4 xal geridə olsa belə, gəlib çempion ola biləcək potensiala malikdir”.

21 turdan sonra “Sabah” 52 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” isə 45 xalla ikincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!