Prenyer Liqada turnir cədvəlinə liderlik edən “Sabah” bu gün “Kəpəz”lə qarşılaşacaq.
21-ci tur çərçivəsində baş tutacaq görüşdə “tələbələr”in qələbə qazanmaq ehtimalı son dərəcə yüksəkdir.
Komandalardan biri çempionluq, digəri elitadakı yerini qorumaq uğrunda mübarizə aparırsa, favorit məlumdur.
Lakin bir məqam var ki, “Sabah”dakıların canına qorxu salmaya bilıməz. Söhbət “Kəpəz”in çalışdırıcısı Azər Bağırovdan gedir.
Məhz bu adamın çalışdırdığı komandaların Masazır təmsilçisi ilə oyunları son dərəcə gərgin keçib və əksər vaxtlarda qələbəyə sevinən tərəf Bağırovun rəhbərlik etdiyi kollektivlər olub.
2023/24 mövsümündə “Araz-Naxçıvan” uzun fasilədən sonra Premyer Liqaya qayıtmışdı və 9-cu turda “Araz-Naxçıvan” səfərdə “Sabah”ın qonağı olmuşdu. Oyun 1:1 hesabı ilə başa çatmışdı.
Həmin mövsümün 17-ci turunda Mərdəkanda gerçəkləşən dueldə isə “Araz-Naxçıvan” avrokuboklara vəsiqə uğrunda əsas rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.
Eyni mövsümün 25-ci turunda, bu dəfə Masazırda keçirilən görüşdə “Sabah” Naxçıvan komandasını 2:0 hesabı ilə üstələmişdi.
Bu matçların hamısında “qırmızı-ağlar”ı Azər Bağırov çalışdırıb.
2024/25 mövsümünün gedişində “Kəpəz”də Adil Şükürovu əvəzləyən Adil Şükürovun “Sabah”a qarşı duelləri yenə diqqət çəkib.
Büdcəsinə görə rəqibindən qat-qat geri qalan Gəncə təmsilçisi ötən mövsüm Bağırovun rəhbərliyi altında “Sabah”a qarşı 3 oyunda meydana çıxıb.
İlk dövrədə “Bank Respublika Arena”da baş tutan oyun 2:2 hesabı ilə başa çatıb, qış fasiləsindən sonrakı iki dueldə isə “Kəpəz” “Sabah”ı hər iki halda udub – 3:2, 1:0.
Cari mövsümdə komandalar cəmi bir dəfə üz-üzə gəlib ki, hakimin final fiti zamanı “Sabah”lılar 3:1 hesablı qələbəni bayram edib.
Beləliklə, Azər Bağırov baş məşqçi qismində hazırkı liderə qarşı 7 oyunda komandanı matça hazırlayıb.
3 dəfə qələbəyə sevindiyi halda, 2 dəfə heç-heçə qeydə alınıb. Yalnız 2 halda məğlubiyyət yaşanıb.
Top fərqinə gəlincə, bu duellərdə komandaların hərəsi 10 dəfə fərqlənib.
Odur ki, Azər Bağırovu, başqa cür desək, azərbaycanlı mütəxəssisin rəhbərlik etdiyi kollektivləri “Sabah” üçün təhlükə mənbəyi hesab edə bilərik.
Fevralın 22-də “Bank Respublika Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

