Qurban Qurbanovun narazılığı, "Qəbələ"nin etirazı...- Kim haqlıdır?

27 Fevral 23:00 Premyerliqa 237
Qurban Qurbanovun narazılığı, "Qəbələ"nin etirazı...- Kim haqlıdır?

"Qarabağ" "Nyukasıl"la görüşə hazır olmayacaq...

Bu mesajı baş məşqçi Qurban Qurbanov Qubada verdi.

"Qarabağ" Kadinin qırmızı vərəqə alması ilə azlıqda qaldığı "İmişli" səfərində Musa Qurbanlının sona yaxın vurduğu qolla qızıl dəyərində 3 xal qazandı.

Təcrübəli mütəxəssis isə oyundan sonra görüşdən çox meydançanın vəziyyətindən şikayət etdi. Cavabdeh qurumlara sərt mesajlar yolladı. Həqiqətən, belə meydançalarla liqanın səviyyəsini qaldırmaq olmaz.

"Zirə" gözlənilən qələbəni qazanmaqla ilk üçlükdə özünə yer tapdı.

David Volkovun qayıtması "qartallar"ın əl-qolunu bir xeyli açıb. Uzunmüddətli zədədən qayıdan gürcüstanlı legioner ardıcıl üçüncü oyunda da fərqləndi. "Karvan-Yevlax" isə məğlubiyyətləri sıralamağa davam edir. Aran təmsilçisi sonuncu dəfə qələbəyə ötən ilin avqust ayında sevinib. Bu klub üçün birinci liqa çox yaxında kimi görünür.

Vernidub fərqi...

Vernidubun gəlişindən sonra məğlub olmayan "Neftçi" "Kəpəz" səfərində 3 xalı 3 qolla əldə etdi. Futbolçular bir qədər diqqətli ola bilsəydi daha irhesablı qələbə qeydə alıanacaqdı. İkinci yarıda meydana çıxan Vensan Abubakar 3 dəfə dirəyi nişan aldı. Ukraynalı mütəxəssisin gəlişindən sonra ehtiyat skamiyanın daimi sakininə çevrilən dünya ulduzunun motivasiyasın yüksək olması diqqətdən qaçmadı. Qol vurmaq üçün alışıb-yanırdı. Görünür, əsas heyətdə yer alan və qolları sıralayan Bassala Sambuya rəqabətdə uduzmaq istəmir. "Neftçi"nin uğuru üçün bu çox yaxşı haldır. Ümumiyyətlə, Vernidub komandaya rəngarənlik gətirib. Hamı oynamaq şansı alır, hamını oynamağa hazır vəziyyətdə saxlayır. Falaye Sako və Mustafa Sek də cinahlarda hücuma daha aktiv dəstək ola bilsələr, bu "Neftçi" iki illik aradan sonra avrokuboklara gedə bilər.

Surpriz nətic...

Turun Surpriz nəticəsi Mərdəkanda qeydə alındı. Yaxşı mövsüm keçirən "Sumqayıt" yaxşı günlərini yaşamayan "Araz-Naxçıvan"a uduzdu. Demçenko Azərbaycanda ilk qələbəsinə sevindi. Muxtar respublika təmsilçisinin qələbəsi avrokuboklar uğurunda mübarizəni bir qədər də qızışdırmış oldu. Üçüncü yer uğurunda 5 komanda arasında mübarizə davam edir.

Qarşısına çempionluq hədəfi qoyan "Turan Tovuz" deyəsən heç avrokuboklara gedə bilməyəcək.

Berdiyevin yetirmələri bu dəfə "Şamaxı" səfərində xal itirdi. Qolsuz bərabərliklə bitən görüşdə daha yaxşı çıxış edən və qələbəyə yaxın tərəf Ayxan Abbasovun komandası oldu. "Turan" bu oyunda qələbə qazanmadığı üçün 4-cü pilləyə endi. Liderlə 15 xallıq fərqin yaranması çempionluq şanslarının bitməsi sayıla bilər. Amma türkmənistanlı mütəxəssisin oynatdığı futbolla sonda ilk dördlükdə qalmaq belə asan olmayacaq. Olabe, Rəhim Sadıxov, Ayxan Hüseynov, Serrano, Ozobiç kimi hücumda olmağı, topla oynamağı sevən oyunçular varkən müdafiədə qapanmaq, uzun ötürmələrə bel bağlamaq uğur gətirə bilməz. Joarlem Santos, Coş Cinnelli, İbrahima Vadji kimi hücumçuları olan bölgə klubu son 3 görüşdə 1 qola sevinib. Onu da Serrano penaltidən vurub. Berdıyev istədi transferlər edilir, istədiyi şərait yaradılır, amma ortada nə oyun var, nə də normal nəticə. Maraqlıdır, belə vəziyyətdə klubun prezidenti Ehtiram Quliyev əcnəbi mütəxəssisə dözməyə bu qədər səbri haradan tapır?

Lider "Sabah" Qəbələ səfərində çox çətin anlar yaşadı.

İlk hissəsi qolsuz bitən görüşdə hesabı ikinci yarı qonaqlar açdı. Əsas hadisələr isə görüşün sonlarında yaşandı. Meydan sahibləri səksən yeddinci dəqiqədə bərabərlik qolunu vurdu. Amma baş hakim Rauf Cabarov qolu qeydə almadı. Hər kəsin topun "Sabah"ın oyunçusunun əlinə dəydiyini aydın şəkildə gördüyü halda referi fərqli qərar verdi. Niyəsə topun "Qəbələ"nin oyunçusunun əlinə dəydiyini düşünüb qolu qeydə almadı. Məncə, "Sabah" 3 xala görə Rauf Cabarova minnətdar ola bilər. Amma "tələbələr"in buna ehtiyacı yoxdur. Valdas Dambrauskasın komandası oynadığı oyunla əksəriyyətin rəğbətini qazana bilib. Amma hakimlərin bu cür qərarları yaxşı işləri də kölgə altına salmış olur. "Qəbələ" isə 2026-cı ilə fırtına kimi başlayıb və davam edir. Ardıcıl iki qələbədən sonra bölgə klubu ötən tur "Neftçi"yə şanssız şəkildə uduzdusa, bu dəfə hakimin yanlış qərarı onları xalsız qoydu. İstənilən halda yaratdığı kollektivə, oynatdığı futbola görə Kaxaber Tsxadadzeyə alqış düşür. Bu komanda daha yuxarı pillələrdə olmağı haqq edir.

Beləcə stadion qalmaqalı ilə Qubada başlayan tura Rauf Cabarovun müzakirələrə yol açan qərarı ilə Qəbələdə yekun vuruldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 16:30 Çək və bizə göndər!