“Limit olmayanda yerli futbolçunun qiyməti, dəyəri avtomatik aşağı düşür”.
Bunu Sportinfo.az-a açıqlamasında “Abdış-Ata Kant”dan ayrılan İlkin Muradov deyib.
Ötən ilin ikinci yarısını Qırğızıstanda keçirən İlkin Muradov karyerasını Azərbaycanda davam etdirəcək.
29 yaşlı futbolçu I Liqa klubu ilə anlaşıb.
2025-ci ilin yayında “Abdış-Ata Kant”la anlaşaraq dekabr ayına qədər burada forma geyinən dayaq yarımmüdafiəçisi “Baku Sportinq”ə keçib.
Sözləşmənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
O, Premyer Liqada 174 oyun keçirib, 3 qol vurub, 12 məhsuldar ötürmə verib. Görəsən, Muradov özünə “niyə kənardayam” sualını verir?
Səbəbkarı dinləyək:
“Yəqin ki, Premyer Liqadan dəvət almamağım limitə görədir. Baxırsan ki, əksər komandalar legionerlərə şans verir. Azərbaycanlılar az oynayır“.
İlkin Muradov karyerası ərzində “Zirə”, “Şamaxı” və “Səbail”in uğurları üçün tər töküb.

